Rusiyanın Su-35 qırıcıları ötən gün ərzində 2 Ukrayna təyyarəsini vurub.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Əməliyyat-taktiki və ordu aviasiyası, raket qüvvələri və artilleriya 142 rayonda düşmənin canlı qüvvəsini və hərbi texnikasını vurub. Rusiyanın Su-35 qırıcıları Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus bir MiQ-29 təyyarəsini Nikolayev yaxınlığında və bir Su-25 təyyarəsini Donestkin Adamivka yaşayış məntəqəsi ərazisində vurub", - deyə məlumatda qeyd olunub.
Rusiya MN Ukrayna tərəfinin müharibə başlayandan indiyədək verdiyi itkilər barədə məlumatı açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi Ukrayna Silahlı Qüvvələrinin 234 təyyarə, 137 helikopter, 1479 pilotsuz uçuş aparatı, 353 zenit-raket kompleksi, 3935 tank və digər zirehli döyüş texnikası, 724 reaktiv yaylım atəşi sistemi, 3102 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 4064 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".