Əbülfəz Qarayev Belarus nümayəndə heyəti ilə görüşüb

Əbülfəz Qarayev Belarus nümayəndə heyəti ilə görüşüb
# 22 oktyabr 2008 11:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Bu gün Azərbaycanda Belarus Mədəniyyət Günlərinə start veriləcək. APA-nın məlumatına görə, bununla əlaqədar Belarus mədəniyyət nazirinin müavini Vladimir Qridyuşkonun rəhbərliyi altında 80 nəfərlik nümayəndə heyəti Azərbaycana gəlib. Nümayəndə heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib. Daha sonra qonaqlar Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin qəbulunda olublar. Görüşdə çıxış edən V. Qridyuşko Azərbaycanda Belarus Mədəniyyət Günlərinin keçirilməsini yüksək qiymətləndirdiyini və Bakıya çox maraqlı proqramla gəldiklərini deyib. O, Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmaq və iki ölkə arasında mədəni əlaqələrin daha da gücləndirilməsi istiqamətində addımlar atmaq istədiklərini bildirib: “Çox təəssüf ki, hətta Azərbaycanın dahi sənətkarlarının ifalarını belə unutmuşuq. Bu da əlaqələrin bir qədər soyuqlaşması ilə bağlı idi. Ancaq son bir neçə ildə əlaqələr genişlənir və iki ölkə arasında mədəni əməkdaşlıqlar həyata keçirilir. Ötən il Belarusda çox yüksək səviyyədə Azərbaycan Mədəniyyət Günləri keçirildi. Bu gün isə bizim mədəniyyət və incəsənət xadimlərimiz burada çıxış edəcəklər”. Nazir müavini nümayəndə heyətində təmsil olunan Valentin Yelizarevin əslən Azərbaycandan olduğunu və Bakıda dünyaya gəldiyini açıqlayıb. Onun sözlərinə görə, səfər zamanı V. Yelizaryev doğulduğu evə baş çəkəcək.

Qonaqları salamlayan Əbülfəs Qarayev isə bu səfərin iki ölkə arasında mədəniyyət əlaqələrinin daha da güclənməsinə təkan verəcəyini vurğualyıb. Nazir Belarus mədəniyyət və incəsənət xadimlərinin Azərbaycanda, Azərbaycan inəcəsənət xadimlərinin isə Belarusda daha müntəzəm şəkildə konsertlərin təşkil edilməsinin zəruriliyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR