Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi keçiriləcək

Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi keçiriləcək
# 11 noyabr 2008 09:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Noyabrın 17-18-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasının 85 illik yubileyi keçiriləcək. Bu barədə APA-ya kitabxananın direktoru Kərim Tahirov məlumat verib. Onun sözlərinə görə, yubiley tədbirlərində iştirak etmək üçün dünyanın 17 ölkəsindən 30-a yaxın qonaq gələcək. Onların arasında müxtəlif ölkələrin milli kitabxanalarının direktorları və beynəlxalq təşkilatların nümayəndələri də olacaq. Noyabrın 17-də Musiqi Komediya Teatrında milli kitabxananın təntənəli yubiley tədbiri keçiriləcək. Həmin gün kitabxana ilə bağlı sərginin təşkili də gözlənilir. Yubiley çərçivəsində iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur. K. Tahirovun sözlərinə görə, noyabrın 18-də türkdilli ölkələrin milli kitabxana direktorlarının II konfransı keçiriləcək. Elə həmin gün Avrasiya Kitabxanalar Assambleyası Qeyri-Kommersiya Əməkdaşlıq Təşkilatının MDB Ölkələrinin Milli Kitabxanalarının Direktorlar Şurası ilə birgə 10-cu iclası olacaq. Sözügedən iclasda 16 ölkənin nümayəndəsi iştirak edəcək. K. Tahirov bildirib ki, iclasda 21 əsrdə milli kitabxanalarının qarşısında duran vəzifələr, kitabxanaların avtomatlaşdırılması və kitab fondlarının elektron daşıyıcılarına köçürülməsi kimi məsələlər müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR