Mədəniyyət Nazirliyi ilə Xəzər RİH Türkanda “Daş yollar” və digər abidələrə baxış keçirəcək

Mədəniyyət Nazirliyi ilə Xəzər RİH Türkanda “Daş yollar” və digər abidələrə baxış keçirəcək
# 01 iyul 2022 16:56 (UTC +04:00)

“Türkan qəsəbəsinin yaxınlığında yerləşən “Kurqan çölü”, “Türkan yaşayış yeri” və “Daş yollar” abidələri Azərbaycan xalqının tarixi-mədəni irsidir. Ümid edirəm ki, müvafiq qurumlar bu irsi qorumaq üçün bütün zəruri tədbirləri ən qısa vaxtda həyata keçirəcəklər”.

Bunu APA-ya açıqlamasında 14 saylı Xəzər seçki dairəsindən Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə sözügedən abidələrə zərər yetirilməsi ilə bağlı məlumatlarla əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldırıb: “Biz iki il öncə bu məsələni müvafiq dövlət qurumları qarşısında qaldırmışdıq. Bu günlərdə Mədəniyyət Nazirliyinə də müvafiq qaydada müraciət ünvanladıq. İnanıram ki, Nazirlik və digər qurumlar lazımı tədbirləri görəcəklər”.

Soltan Məmmədov qeyd edib ki, Türkan qəsəbəsində yerləşən və Tunc dövrünə aid edilən “Kurqan çölü” abidəsinə təhlükə yaradan əsas amillərdən biri yaxınlıqda daş karxanalarının fəaliyyətidir.

Onun sözlərinə görə “daş yollar”ın böyük bir hissəsi tamamilə sıradan çıxıb: “Bundan başqa, “Kurqan çölü”nün ərazisində yerləşən bir neçə kurqan da artıq yoxdur. Ərazidə texnikanın işləməsi, ağır tonnajlı nəqliyyat vasitələrinin hərəkəti, bəzi hallarda isə bilavasitə müdaxilələr abidələrin məhvinə səbəb olur”.

Deputat vəziyyətlə yerində tanış olmaq məqsədilə Mədəniyyət Nazirliyi, Xəzər Rayon İcra Hakimiyyəti və digər qurumların nümayəndələrinin iştirakı ilə yaxın günlərdə əraziyə baxış keçirilməsinin planlaşdırıldığını vurğulayıb: “Çox vacibdir ki, dövlət orqanları tərəfindən ərazinin mühafizəsi ilə bağlı zəruri addımlar atılsın. Eyni zamanda, ərazinin yaxınlığında fəaliyyət göstərən şirkət də daha diqqətli və məsuliyyətli davranmalıdır. Əminəm ki, pozuntular varsa lazımi tədbirlər görüləcək. Bu diqqətdə saxlanılan bir məsələdir. Tarix və mədəniyyət abidələrinə vurulan, yaxud gələcəkdə vurula biləcək hər hansı zərərin yaratdığı hüquqi məsuliyyəti hər kəs aydın dərk etməlidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə Türkan qəsəbəsində yerləşən, e.ə. III-I minilliklərə aid olduğu ehtimal edilən Kurqan çölü arxeoloji abidə kimi ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısına daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR