Nazir: "Cəfər Cabbarlının ev muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq"

Nazir: "Cəfər Cabbarlının ev muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq"
  • Clock-gray 17:52
  • calendar-gray 17 Sentyabr 2019

“Cəfər Cabbarlının hazırkı ünvanda yerləşən ev muzeyi ilə bağlı müəyyən işlər görülür”.

APA-nın xəbərinə görə, bunu Şuşa Dövlət Musiqili Dram Teatrında keçirilən 147-ci teatr mövsümünün açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, Cəfər Cabbarlının ev muzeyi ilə bağlı məsələ tezliklə öz həllini tapacaq: “Bu məsələ bizim diqqətimizdədir”.  

Ə. Qarayev vurğulayıb ki, Cəfər Cabbarlının yubileyi ilə əlaqədar ölkənin müxtəlif teatrlarında dramaturqun əsərləri səhnələşdirilib: “Bundan sonra da onun əsərləri yeni tərtibat və müasir formada təqdim olunacaq”. 

Onun sözlərinə görə, Cəlil Məmmədquluzadənin yubileyi ilə əlaqədar silsilə layihələr həyata keçiriləcək: “Teatrlar bu silsilə layihələrlə tamaşaçıların qarşısına tam yeni formatda çıxacaqlar. Onun klassik əsərləri üzərində qurulan tamaşalar tam yeni tərtibat və müasir formada təqdim olunacaq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci il dekabrın 18-də Cəfər Cabbarlının anadan olmasının 120 illiyi, 2019-cu il yanvarın 17-də isə Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, bu ilin əvvəlində Cəfər Cabbarlının Bakıda yerləşən ev muzeyinin sökülüb, onun yerində bina inşa olunacağı ilə bağlı məlumat yayılıb. Ev muzeyinin direktoru, görkəmli dramaturqun nəvəsi Qəmər Seyfəddinqızının sözlərinə görə, ekspertlər tərəfindən muzeyin binasına baxış keçirilib, mütəxəssislərin gəldikləri qənaət bu olub ki, muzeyin binası sökülüb yenidən inşa edilməlidir. Həmin ərəfədə Mədəniyyət nazir Əbülfəs Qarayev bildirib ki, Cəfər Cabbarlının ev muzeyi 2006-cı ildən dövlət balansında deyil.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər

Arxiv

date