Tarixçi-alim: “İran səfirliyinin açıqlaması absurddur, Göy məscid Azərbaycanın mədəniyyət incisidir”

Tarixçi-alim: “İran səfirliyinin açıqlaması absurddur, Göy məscid Azərbaycanın mədəniyyət incisidir”
# 24 fevral 2022 12:26 (UTC +04:00)

“İrəvandakı Göy məscidin tarixi barədə kifayət qədər araşdırma var. Məscid İrəvan xanı Hüseynəli xanın vaxtında inşa olunub”

Bunu APA-ya açıqlamasında tarixçi-alim Nazim Mustafa deyib.

Alim bildirib ki, məscidin inşasına 1760-cı ildə başlanılıb, 1766-cı ildə isə başa çatdırılıb: “Sonrakı dövrlərdə İrəvana gedən səyyahların, tədqiqatçıların bütün əsərlərində Göy məscid haqqında məlumatlar var. XX əsrin əvvəllərində İrəvan şəhərində 8 məscid mövcud idi ki, onlardan da ən böyüyü Göy məsciddir. Hətta bu məscid bütövlükdə Qafqazda əhatə etdiyi əraziyə görə ən böyük məscid hesab edilirdi. 30-cu illərdə İrəvanda məscidləri ateizm pərdəsi altında sökməyə başlayanda İrəvanda cəmi 2 məscid qalmışdı: Göy məscid və Dəmirbulaq məscidi. Göy məscidi ermənilər sovet hakimiyyəti illərində İrəvan şəhərinin tarix muzeyinə çevirmişdilər. Muzeyin bir hissəsində təbiət muzeyi açmışdılar. Sovet hakimiyyəti illərində İrəvanda azərbaycanlıların ibadət etdiyi yeganə məscid Dəmirbulaq məscidi qalmışdı. 1988-ci ildə ermənilər Dəmirbulaq məscidini yandırdılar, 1990-cı ildə isə yer üzündən sildilər. Artıq İrəvanda qalan yeganə məscid Göy məscid idi. 1991-ci ildə Ermənistan müstəqil olandan sonra müsəlman ölkələri ilə diplomatik əlaqələri qurulmağa başladı və həmin ölkələrin İrəvanda səfirlikləri açılırdı. Bu zaman səfirliklərin nümayəndələrinin ibadət etməsi üçün məscidə ehtiyac var idi”.

Nazim Mustafa vurğulayıb ki, 1995-ci ildə İran fondu Göy məscidin bərpası üçün təxminən 1 milyon dollar ayırıb, bu vəsait hesabına məscidin bərpası 2006-cı ildə başa çatıb: “Bundan sonra Göy məscidi İran məscidi kimi təqdim etməyə başladılar və kitabəsini dəyişdilər. Bu zaman Göy məscidin 24 metrlik minarəsi, kitabxanası fars məscidi kimi rekonstruksiya edildi. 2015-ci ilin dekabr ayında Ermənistanın Mədəniyyət Nazirliyində Göy məscidlə bağlı məsələ müzakirə edildi və bu məscid İranın mədəniyyət mərkəzi kimi 99 illiyə icarəyə verildi. Bundan sonra isə orada İran vətəndaşı xidmət göstərir və məscidə gələnlərə məscidi fars məscidi kimi təqdim edir”.

Tarixçi qeyd edib ki, bu məscidin fars məscidi, İrana məxsus olması ilə bağlı deyilənlərin hamısı yalandır: “Bu yöndə İranın Ermənistandakı səfirliyinin açıqlaması tamamilə absurddur. Çünki Hüseynəli xanın özü irəvanlı idi, İrəvanda doğulmuşdu və İrəvana məxsus sülalənin nümayəndəsi idi. Bu məscidin İrana və farslara heç bir aidiyyəti yoxdur. Ermənilərin bu gün bu məscidi İranın və farsların adına yazmaları tarixi saxtalaşdırmaqdan başqa bir şey deyil. Lakin həqiqətlər, sənədlər ortadadır. Göy məscid Azərbaycanın mədəniyyət incisidir. Vaxt gələcək biz yenə də öz tarixi mədəniyyət abidəmizə sahib olacağıq, orada ibadət edəcəyik”.

Qeyd edək ki, Azərbaycan parlamentinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov bu günlərdə İrəvanda səfərdə olarkən Göy məscidi ziyarət edib. Tahir Mirkişili bildirib ki, məscidin divarlarında başqa dövlətə aid yazılar olub.

Bundan sonra isə İranın Ermənistandakı səfirliyi Göy məscidlə bağlı azərbaycanlı deputata cavab verib. İddia olunub ki, Göy məscid İran mədəniyyətinin simvoludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR