Jurnalistlər iyunun 12-nə kimi piket keçirməyəcəklər

Jurnalistlər iyunun 12-nə kimi piket keçirməyəcəklər
# 29 may 2007 10:06 (UTC +04:00)
Redaktorlar Birliyi iyunun 12-nə yürüş-mitinq təyin etdiyi üçün Eynulla Fətullayevin Hüquqlarını Müdafiə Komitəsi bu həftə piket keçirməyəcək. Bu barədə APA-ya “Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, hazırda jurnalistlər iyunun 12-nə təyin olunmuş yürüş-mitinqə hazırlaşırlar və yürüş-mitinqə kimi piketlərin keçirilməsi nəzərdə tutulmur. Ş. Çobanoğlu aksiya ilə bağlı qəzet rəhbərlərinin Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, amma hələlik onlara cavab verilmədiyini qeyd edib. O, aksiyanın təşkilatçılıq işinin yalnız qəzet və jurnal rəhbərlərinin həyata keçirdiyini, bu prosesdə siyasi partiyaların iştirak etmədiyini bildirib: “Amma biz yürüş-mitinqdə iştirak üçün ictimaiyyətə, həmçinin siyasi partiyalara da müraciət edəcəyik”. Aksiyanın saat iyunun 12-də 14:00-da “Neftçilər” metro stansiyasının yanından yürüşlə başlaması və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun yaxınlığındakı meydanda mitinqlə davam etdirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bu meydan Bakı Şəhər İcra Hakimiyyətinin yürüş və mitinqlər üçün təyin etdiyi yerlərdən biridir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR