Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimov və Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovun Kəlbəcərdə minaya düşərək şəhid olmalarından bir il ötür.
APA-nın xəbərinə görə, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb.
Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AZTV-nin operatoru Sirac Abışov, o cümlədən Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev 2021-ci il iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Məhərrəm İbrahimov və Sirac Abışovu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.