Bakı-2019: Azərbaycan cüdoçuları daha 1 qızıl və 1 bürünc medal qazanıblar - YENİLƏNİB

Bakı-2019: Azərbaycan cüdoçuları daha 1 qızıl və 1 bürünc medal qazanıblar - YENİLƏNİB
# 26 iyul 2019 17:25 (UTC +04:00)

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdoçuların fərdi mübarizəsinə yekun vurulub.

APA-nın məlumatına görə, son yarış günündə Azərbaycan milli komandasının 2 üzvü mükafat uğrunda qarşılaşmaya çıxıb.

Onlardan biri qızıl, biri bürünc medal üçün mübarizə aparıb. Məhərrəm İmamverdiyev (81 kq) üçüncü yer uğrunda qarşılaşmada İftaç Badaşla (İsrail) üz-üzə gəlib. Görüşü inamlı keçirən cüdoçumuz bürünc medala sahib çıxıb.

Hüseyn Məmmədov (+90 kq) finalda rusiyalı Axmed Maqomedovla münasibətinə aydınlıq gətirib. Gərgin qarşılaşmada qalib gələn təmsilçimiz çempion adını qazanıb.

Festivalın cüdo yarışlarının ilk iki günündə 4 medal (1 qızıl, 1 gümüş və 2 bürünc) sahib olan Azərbaycan cüdoçuları bu rəqəmi 6-ya çatdırıblar. Bunlardan 2-si qızıl, 1-i gümüş və 3-ü bürüncdür. Ümumilikdə isə Azərbaycan yığmasının yarışdakı medallarının sayı 23-ə çatıb. İdmançılarımız festivalda 10 qızıl, 7 gümüş və 6 bürüncə yiyələniblər.

***

Saat. 14:33

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalında cüdoçuların fərdi mübarizəsinə yekun vurulacaq.

APA-nın məlumatına görə, son yarış günündə Azərbaycan milli komandasının 4 üzvü tatamiyə çıxıb.

Onlardan biri qızıl, biri bürünc medal şansı qazanıb.

Belə ki, millinin heyətində +90 kq çəkidə qüvvəsini sınayan Hüseyn Məmmədov ilk iki cəhdində almaniyalı Daniel Udsilauri və yunanıstanlı Aris Leonidisdən güclü olub. O, yarımfinalda moldovalı Alin Baqrinlə qarşılaşıb və ipponla qalib gəlib.

Cüdoçumuz finalda rusiyalı Axmed Maqomedovla münasibətinə aydınlıq gətirəcək.

81 kq çəki dərəcəsində çıxış edən Məhərrəm İmamverdiyev də Festivala qələbə ilə başlayıb. Lakin Vlad Topala (Rumıniya) qalib gələn cüdoçu ardınca Timur Vəliyevlə (Ukrayna) bacarmayıb.

O, təsəlliverici görüşlərdə Karl Battendən (İsveç) və Samuel Retdən (Slovakiya) üstün olmaqla, bürünc medal qazanmaq şansı əldə edib. M. İmamverdiyev üçüncü yer uğrunda İftaç Badaşla (İsrail) üz-üzə gələcək.

Ruslan Nəsirli (90 kq) debütdə Borislav Vladova (Bolqarıstan) uduzub. Rəqibi isə növbəti görüşdə məğlub olduğundan həmyerlimiz yarışı vaxtından əvvəl bitirib.

Nərmin Əmirli də uğursuz çıxış edib. 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı Yael van Heemstə (Hollandiya) uduzduqdan sonra təsəlliverici görüşə qatılsa da, yenə tatamidən məyus ayrılıb. O, rusiyalı Yelizaveta Postnikova ilə də bacarmayıb.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Festivalda bu günədək 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR