Minsk-2019: Asiman Qurbanlı qızıl qazanıb, Irina Zaretska ikinci olub - YENİLƏNİB-4 - FOTOSESSİYA

Minsk-2019: Asiman Qurbanlı qızıl qazanıb, Irina Zaretska ikinci olub  - YENİLƏNİB-4 - FOTOSESSİYA
# 29 iyun 2019 19:54 (UTC +04:00)

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçilərin yarışı davam edir.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, +84 kq çəki dərəcəsində final qarşılaması keçirilib.

Azərbaycan təmsilçisi Asiman Qurbanlı qızıl medal uğrunda görüşdə xorvatiyalı Anjelo Kveşiçlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn karateçimiz Avropa Oyunlarının çempionu olub.

Bu, karate yığmamızın 3-cü mükafatı olub. İrina Zaretska (68 kq) gümüş, Roman Heydərov (kata) bürünc medal qazanıb. A.Qurbanlının mükafatı Azərbaycan millisinin Minsk-2019-da 24-cü medalı olub. Bunlardan beşi qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

***

Saat. 19:12

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında karateçilərin final qarşılaşmalarına start verilib.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan yığmasının üzvü İrina Zaretska da həlledici döyüşə çıxıb.

68 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz italiyalı Silviya Semeraro ilə qarşılaşıb. Qrup mərhələsində 0:0 hesablı heç-heçə edən rəqiblərin qızıl medal uğrunda görüşü gərginliyi ilə seçilib. 1:5 hesabı ilə uduzan İ.Zaretska gümüş medalla kifayətlənib.

Bu mükafat Azərbaycan millisinin Minsk-2019-da 22-ci medalı olub. Bunlardan üçü qızıl, yeddi gümüş, on ikisi bürüncdür.

Qeyd edək ki, Azərbaycanın daha bir karateçisi Asiman Qurbanlı (+84 kq) final döyüşünə çıxacaq. Roman Heydərov isə katada bürünc mükafat qazanıb.

***

Saat: 18:14

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının kişi karateçilərin kumite yarışlarında yarımfinal mərhələsi start götürüb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, +84 kq çəkidə mübarizə aparan idmançılar tatamı üzərinə çıxıblar. Azərbaycan yığmasının üzvü Asiman Qurbanlı da finala vəsiqə üçün mübarizə aparıb.

O, gürcüstanlı Qoqita Arkaniya ilə qarşılaşıb. 2:1 hesabı ilə qalib gələn karateçimiz finala vəsiqə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada Anjelo Kveşiç (Xorvatiya) ilə görüşəcək. Final Bakı vaxtı ilə 19:41-də başlayacaq.

Qeyd edək ki, karate yığmamızın digər üzvlərindən Roman Heydərov katada bürünc medal qazanıb, İrina Zaretska (68 kq) kumitedə finala yüksəlib. O, qrupda heç-heçə etdiyi italiyalı Silviya Semeraro ilə görüşəcək.

Saat. 17:30

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının karate yarışlarında kumite üzrə yarımfinal mərhələsi start götürüb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, 68 kq çəkidə mübarizə aparan qadın karateçilər tatamı üzərinə çıxıblar. Azərbaycan yığmasının üzvü İrina Zaretska da finala vəsiqə uğrunda mübarizə aparıb. O, ukraynalı Qalina Melniklə üz-üzə gəlib.

Qələbə qazanan idmançımız finala yüksəlib. Onun həlledici qarşılaşması Bakı vaxtı ilə saat 19:01-də başlayacaq.

İ.Zaretskanın rəqibi Silviya Semeraro (İtaliya) – Yelena Quiriçi (İsveçrə) cütündə bilinəcək.

Qeyd edək ki, yığmamızın daja bir karateçisi bu gün yarımfinalda qüvvəsini sınayacaq. Asiman Qurbanlı kişilərin +84 kq çəki dərəcəsində kumite yarışlarında finala vəsiqə üçün mübarizə aparacaq. Katada çıxışını başa vuran Roman Heydərov isə bürünc medal əldə edib.

***

Saat. 14:39

Azərbaycan yığmasının karateçisi Asiman Qurbanlı Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, +84 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz qrup mərhələsində üç döyüş keçirib.

Tirol Darnel Lardini (Hollandiya) 2:0, Alparslan Yamanoğlunu (Türkiyə) 1:0 hesabı ilə yenən idmançımız Conatan Horne (Almaniya) ilə heç-heçə edib – 0:0. Bu nəticələrdən sonra A.Qurbanlı A qrupunda 2-ci yeri tutub.

Yarımfinala yüksələn təmsilçimizin rəqibi digər qrupun döyüşləri başa çatdıqdan sonra bilinəcək.

Qeyd edək ki, kişilərin +84 kq çəki dərəcəsindəki yarımfinal döyüşləri Bakı vaxtı ilə 17:47-də başlayacaq.

***

Saat. 13:49

Daha bir Azərbaycan karateçisi Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə başlayıb.

APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, qadınların 68 kq çəki dərəcəsində çıxış edən İrina Zaretska yarışa uğurla başlayıb.

O, qrup mərhələsində Silviya Semeraro (İtaliya) ilə 0:0 hesablı heç-heçə etdikdən sonra ardıcıl iki qələbə qazanıb. Karateçimiz Alize Aqieri (Fransa) 7:2, Miroslava Kopunovanı (Slovakiya) 6:0 hesabı ilə məğlub edib.

İ.Zaretska saat 16:16-də başlayacaq yarımfinal mərhələsinə vəsiqə qazanıb. Onun rəqibi digər qrupda mübarizə başa çatdıqdan sonra dəqiqləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR