Prezident: “Azərbaycandakı dini və tarixi irs bütün Azərbaycan xalqına məxsusdur”

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 29 aprel 2022 13:14 (UTC +04:00)

“30 il ərzində biz UNESCO-dan işğal altındakı ərazilərə gəlməsini və şahidlik etməsini xahiş edirdik. Onlar hər zaman rədd edirdilər”.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda deyib.

“İkinci Qarabağ müharibəsindən sadəcə bir il və ya bir il yarım əvvəl bizim o zamankı xarici işlər nazirimiz bunu xahiş etmək üçün UNESCO-da idi və cavab bu oldu ki, UNESCO siyasi məsələlərdə iştirak etmir. Nə zaman ki, müharibə başa çatdı, vəziyyət dəyişdi. Niyə? Çünki belə bir anlayış var idi ki, erməni tarixi irsinə zərər vurula bilər. Amma 67 məsciddən 65-nin ermənilər tərəfindən yerlə bir edilməsi faktına tamamilə məhəl qoyulmur. Sanki bunlar dini tarixi irs deyil. Biz bu vəziyyətlə üzləşirik. İndi orada on minlərlə beynəlxalq nümayəndənin Şuşaya səfər etməsindən və oradakı erməni kilsəsinə toxunulmadığını, əksinə ermənilərin məscidləri dağıtmasından fərqli olaraq, bərpa ediləcəyini gördükdən sonra UNESCO-nun regiona gəlməklə bağlı marağı azalır. Çünki onlar gələndə və ya əgər gəlsələr, nə barəsində hesabat hazırlayacaqlar? Onlar dağıdılmış 65 məscid barəsində məlumat verməlidirlər. Onlar ermənilərin Ağdam məscidində donuz və inək saxladığını məlumat verməlidirlər. Onlar erməni, xristian, alban dini irsinə toxunulmadığını məlumat verməli olacaqlar. Siz Bakıda erməni kilsəsini şəhərin mərkəzində görə bilərsiniz və biz orada 5 min erməni dilində kitabı saxlayırıq. Bəs biz İrəvanda nə görürük? Onlar Azərbaycan məscidinin adını dəyişib fars məscidi adlandırdılar. Onlar Şuşadakı məscidi də həmçinin fars məscidi adlandırdılar. Onlar hətta İrandan onun mənşəyini dəyişdirmək məqsədi ilə bəzi bərpa işləri görülməsi üçün mütəxəssislər dəvət etdilər. Bununla əlaqədar diplomatik nota verildi və İran səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Biz buna son verilməsini tələb etdik. Çünki bu, müsəlman irsinin dağıdılmasının legitiləşdirilməsinin bir hissəsi idi. Fərq bu idi. Azərbaycandakı dini və tarixi irs bütün Azərbaycan xalqına məxsusdur. Zərdüştlük məbədi, məscid, katolik kilsəsi, pravoslav kilsəsi, erməni kilsəsi, sinaqoq – hamısı bizim milli irsimizdir və biz onları qoruyuruq. Bakı, Şuşa, Quba və digər yerlərə səfər edən hər kəs bunu görə bilər. Amma əlbəttə, təəssüflər olsun ki, bu ikili standartlı yanaşmalara biz öyrəşmişik”, - dövlət başçısı qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR