Prezident: Heydər Əliyev Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər

Prezident: Heydər Əliyev Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər
# 21 noyabr 2022 15:47 (UTC +04:00)

Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi.


APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyev YAP-ın yaradılmasının 30 illiyi münasibətilə tədbir çıxışı zamanı deyib.

Prezident İlham Əliyev bildirib ki, məhz onun rəhbərliyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir: “Eyni zamanda, Azərbaycanda yaşayan vətəndaşların həyat səviyyəsi ildən-ilə yaxşılaşırdı, xüsusilə kənd təsərrüfatı ilə məşğul olan insanlar öz həyatını yenidən qura bilmişdilər. Xalqımızın Heydər Əliyevə inamı, yenə də deyirəm, misilsiz idi. Xüsusilə xalqımızın 1980-ci illərdə üzləşdiyi faciə bir daha göstərirdi ki, xalqımız yalnız Heydər Əliyevi rəhbər vəzifədə görmək istəyir. Çünki onun çalışdığı dövrdə - nə 1969-1982-ci illərdə Azərbaycanda birinci şəxs kimi çalışdığı dövrdə, nə 1982-1987-ci illərdə Moskvada Siyasi Büronun üzvü kimi çalışdığı dövrdə bir dəfə də olsun Qarabağda separatist qüvvələr baş qaldıra bilmədilər.

Halbuki, belə meyillər var idi, ondan əvvəlki dövrlərdə də var idi. Heydər Əliyev bütün vəzifələrdən istefa verəndən iki həftə keçməmiş erməni separatçıları artıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi ilə bağlı məsələ qaldırmışdılar. Yəni, bu amillər göstərir ki, Ulu Öndər pensiyada olanda da, xalqımız üçün ən faciəvi günlərdə də xalqla birlikdə idi. 20 Yanvar faciəsinin ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hökumətini, Kommunist Partiyasını – uzun illər xidmət etdiyi partiyanı ittiham etmişdir, bu dəhşətli cinayəti qınamışdır. Bütün bunlar və eyni zamanda, Naxçıvanda çalışdığı dövrdə müstəqilliyə doğru atılan addımlar, o cümlədən Azərbaycan Demokratik Respublikasının Dövlət bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsis edilməsi və digər addımlar, həmçinin Naxçıvanın erməni işğalından qorunması xalqın ona inamını daha da artırırdı və bütün bu amillər nəticədə xalqımızın müdrikliyinə əsaslanaraq gələcəkdə Azərbaycanı böyük bəlalardan qurtara bilmişdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR