Nazir müavini: "Azərbaycanda innovasiyayönümlü startaplara xüsusi imtiyazlar var"

Nazir müavini: "Azərbaycanda innovasiyayönümlü startaplara xüsusi imtiyazlar var"
  • Clock-gray 12:44
  • calendar-gray 09 Dekabr 2019

"Hazırda Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf modeli ölkə iqtisadiyyatında infrastruktur quruculuğuna, kreativ iqtisadiyyata daha yaxşı şəraitin yaradılması və eyni zamanda insan kapitalının inkişafı üçün müvafiq şəraitin yaradılmasına yönəldilib".

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsi zamanı Azərbaycanın İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

S. Həsənova hazırda Azərbaycanda iki çağırışın dayandığını vurğulayıb: "İlk növbədə cənab Prezidentin qeyd etdiyi kimi, hazırda bizdə olan iqtisadi artım göstəriciləri bizi qane etmir. İqtisadi artımın sürətləndirilməsi, diversifikasiyanın sürətli getməsi qarşımızda duran ən əsas çağırışlardandır. İkinci çağırışı isə Azərbaycanda məşğulluğun təmin olunması üzrə qarşıda duran vəzifələrdir. Bu sahədə işsizliyə nail olmağı əsas məqsəd kimi görmürəm. Əsas çağırışımız indiki dövrdə vətəndaşlarımızı layiqli əməklə təmin etməkdir. Bugünkü mövzunu nəzərə alaraq gənclərimizin problemlərini qeyd etmək istərdim. Bütün dünyada gənclərin işsizlik səviyyəsi orta işsizlik səviyyəsindən daha yüksək olur. Onların layiqli məşğulluğu ümdə problemlərdən biri kimi qoyulur. Bizim də qarşımızda gələcəkdə bu problemlərin həlli dayanır".

Nazir müavini növbəti mərhələdə iqtisadi inkişafın sürətləndirilməsi üçün yaradıcı sənayenin potensialının mühüm əhəmiyyət daşıdığını qeyd edib: "Bu sahədə artım digər sahələrdə artımdan daha yüksək ola bilər. Biz bu sahənin potensialını görürük və bu sahənin inkişafını dəstəkləyirik. Bu sahənin inkişafında kiçik və orta sahibkarların rolu çox böyükdür. Hesab edirik ki, sahibkarların da bura cəlb edilməsi vacibdir. Bizim qarşımızda duran vacib məsələlərdən biri növbəti 10 illikdə kiçik və orta sahibkarlığın xüsusi çəkisini ÜDM-də dünya ortalama səviyyəsində saxlamaqdır. Bunun üçün, əlbəttə ki, kiçik və orta sahibkarlara, kreativ sənayesinin nümayəndələrinə dəstək mexanizmləri mövcuddur. İnnovasiyayönümlü startaplara xüsusi imtiyazlar var. Əgər fərdi sahibkarlar, müəssisələr öz gəlirlərini 3 il ərzində innovasiya sahəsinə yönəldərlərsə onların gəlirləri mənfəət vergisindən tamamilə azad olacaq. Bundan başqa kiçik və orta biznes klasterləri müəssisələrinə də geniş güzəştlər nəzərdə tutulur. Onların gəlirləri mənfəətlərinin 75%-dən azad olunması, mənfəət-torpaq vergisindən azad edilməsi kimi güzəştlər nəzərdə tutulur. Eyni zamanda dövlət tərəfindən onların maliyyə əlçatanlığının həll edilməsi vacib məsələlərdəndir. Ümumiyyətlə, yaradıcı sənayenin inkişafının Azərbaycanın növbəti inkişaf mərhələsində xüsusi yer tutması üçün geniş imkanlar var".

Mirmehdi Ağaoğlu

Digər xəbərlər