Rusiyada taksi sürücülərinin 93%-nin gəliri ciddi azalıb - ARAŞDIRMA

Rusiyada taksi sürücülərinin 93%-nin gəliri ciddi azalıb - ARAŞDIRMA
# 03 iyul 2020 11:07 (UTC +04:00)

Rusiyada sorğuda iştirak edən taksi sürücülərinin təxminən 93%-nin gəlirləri özünü təcrid dövründə (pandemiya ilə əlaqədar) əhəmiyyətli dərəcədə azalıb.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Qiwi" şirkətinin araşdırmasında deyilir.

"Araşdırmaya görə, sorğuda iştirak edən taksi sürücülərinin əksəriyyəti (70,2%-i) özünü təcrid dövründə işləməyə davam edib, koronavirus sürücülərin 21,2%-nin işdən çıxmasına səbəb olub. Eyni zamanda respondentlərin 4%-i daha sərfəli gəlir mənbəyi tapıb, taksi sürücülərinin 2,2%-i bu işdən yorularaq fəaliyyətini dəyişib, 2,4%-i isə digər səbəblərə görə başqa bir iş tapıb. Koronavirusun yayılması və ona uyğun olaraq tətbiq olunan məhdudiyyətlər taksi sürücülərinin gəlirlərinin azalmasına səbəb olub – özünü təcrid zamanı işləyənlərin 93%-i gəlirlərin azaldığını qeyd edib. Respondentlərin 41,2%-i üçün azalma 50-80% arası, 17%-i üçün 80%-dən çox olub", - araşdırmada deyilir.

Bununla belə, sorğu iştirakçılarının 65%-dən çoxu qazancın yalnız ən zəruri olan şeylərə çatacağını söyləyib. Sorğunun nəticələri göstərdi ki, hazırkı taksi sürücülərinin 23,9%-nin taksi fəaliyyəti ilə əlaqəli olmayan əlavə gəlir mənbəyi var. Üstəlik, əksəriyyəti üçün (55,2%) əlavə işdən əldə olunan qazanc ümumi gəlirin 60%-dən çoxunu təşkil edir", - araşdırmada deyilir.

Mövcud vəziyyət taksi sürücülərini yeni gəlir mənbəyi axtarmağa məcbur edir. Belə ki, respondentlərin 60,6%-i alternativ gəlir mənbəyi axtarışındadır, 24,9%-i isə bu barədə düşündüklərini, lakin hələ aktiv olaraq axtarışda olmadıqlarını bildirib.

Rusiyada hazırkı taksi sürücülərinin 47,2%-i iş vaxtı şəxsi avtomobildən istifadə edir. Sürücülərin 65,2%-nin avtomobili özlərinə məxsusdur, 34,8%-i isə maşını kreditə alıb. Taksi sürücülərinin 44,5%-i avtomobili icarəyə götürüb, 7%-i isə lizinqlə əldə edib.

Qeyd edək ki, sorğuda 735 taksi sürücüsü iştirak edib. Orta hesabla hər bir taksi sürücüsünün yaşı 39-dan bir az yuxarı, bu sahədə stajı isə 5 ildən çox olub. Gəlir azalsa da, taksi sürücüləri həftənin 5-6 gününün 10-12 saat arası öz şəhərlərində işləməyə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR