Dubayda Azərbaycan pavilyonu açılıb - FOTO

Dubayda Azərbaycan pavilyonu açılıb - FOTO
  • Clock-gray 11:09
  • calendar-gray 04 Noyabr 2019

Dubayda keçirilən “Global Village” Beynəlxalq Yarmarkası çərçivəsində Azərbaycan pavilyonu açılıb.

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “APA-Economics”ə verilən məlumata görə, pavilyonda 25 Azərbaycan şirkətinin 200-ə yaxın çeşiddə məhsulları – meyvə-tərəvəz, meyvə şirələri, şərablar, kompotlar, bal, çay, mürəbbə, şirniyyat, konservləşdirilmiş məhsullar, xalçalar, kəlağayı, milli suvenirlər, parfümeriya və s. təqdim olunur.

Pavilyonda məhsullarının nümayişi və satışı ilə yanaşı, milli musiqi, rəqslər və mətbəx, və Azərbaycan mədəniyyətinə dair eksponatlar sərgilənir.

Qeyd edək ki, Azərbaycan pavilyonu KOBİA və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin təşkilatçılığı, həmçinin Azərbaycanın BƏƏ-dəki Ticarət Nümayəndəliyinin dəstəyi ilə təşkil olunub.

1996-cı ildən təşkil edilən “Global Village” Beynəlxalq Yarmarkası hazırda Dubayın ən böyük satış bazarı, açıq havada isə dünyanın ən böyük beynəlxalq yarmarkasıdır. Keçirildiyi müddətdə yarmarka bölgədəki turizm, istirahət, əyləncə və alış-veriş mərkəzinə çevrilir. 2018-ci ildə “Global Village”i 7 milyon nəfər ziyarət edib. 

Oktyabrın 29-dan 2020-ci ilin aprelinədək davam edəcək yarmarka 150 hektar ərazidə yerləşir. Burada müxtəlif ölkələrin məhsulları nümayiş olunur və satışı həyata keçirilir. Bu ilki “Global Village” Beynəlxalq Yarmarkasında Azərbaycan da daxil olmaqla 78 ölkənin 26 pavilyonu nümayiş olunur. Ümumilikdə bu ilki “Global Village” pavilyonlarında 3500-dən çox mağaza, 78 mədəniyyət tədbiri, 20-dən çox restoran və kafe, 120-dən artıq kiosk fəaliyyət göstərəcək.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date