Azərbaycan Türkiyənin elektron ticarətin izlənməsi təcrübəsini öyrənəcək

Azərbaycan Türkiyənin elektron ticarətin izlənməsi təcrübəsini öyrənəcək
# 07 iyun 2022 14:50 (UTC +04:00)

Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri Türkiyədə internet vergi dairəsinin e-xidmətləri, vergi xidmətində tətbiq edilən risk analizləri və meyarları, elektron ticarətin izlənməsi və s. kimi mövzularla bağlı təcrübələrlə tanış olacaqlar.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, Ankaraya səfər çərçivəsində Türkiyə Gəlir İdarəsi Başqanlığının bir neçə idarəsinin nümayəndələri ilə görüş keçirilib. Həmin görüşlərdə “Türkiyənin vergi sistemi”, “Vergi prosessual qanunu və cəza müddəaları”, “Vergi borcunun alınması qaydaları və əsasları”, “İnformasiya və kommunikasiya texnologiyaları”, “İnternet vergi idarəsi – VEDOP”, “Elektron xidmətlər: e-qaimə, e-faktura, e-kitab, e-bilet” mövzularında təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Səfərin növbəti günlərində Türkiyə tərəfi “Elektron bəyannamə sistemi: mikro sahibkarlar üçün bəyanetmə sistemi, hazır bəyannamə sistemi”, “İnvestisiya güzəşt alətləri: mənfəət vergisi üzrə güzəştlər, ƏDV üzrə güzəştlər, turizm gəlirlərinin və sənaye istehsalının artırılması üçün tətbiq edilən vergi rejimləri”, “Transfer qiymətləndirmə sahəsində risklərin idarə edilməsi, audit və iş yeri gəlirlərinin müəyyənləşdirilməsi”, “Vergi ödəyicilərinin risk profili, audit üçün təsnifatı və seçimi”, “Risklərin idarə edilməsi: “ƏDV geri al” sisteminin riskinin təhlili (KDVIRA)”, “Elektron ticarətin izlənilməsi”, "Ödənişlərin qeydiyyatı cihazları”, “Qeyri-rəsmi iqtisadiyyatla mübarizə” mövzularında təqdimatlar keçirib.

Səfər zamanı Türkiyə Gəlir İdarəsi Başqanlığı rəhbərinin müavini Mehmet Arabaci və Vergi Müfəttişliyi Şurası rəhbərinin müavini Nihat Etiklə də işgüzar görüşlər keçirilib. Türkiyədə Azərbaycanın vergi sisteminə böyük maraq olduğu bildirilib, Azərbaycanın vergitutma sahəsində təcrübəsinin öyrənilməsi üçün növbəti görüşlərin keçiriləcəyinə dair ilkin razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR