"Qazprom" Yamalda SOCAR-la edə biləcəyi əməkdaşlıq məsələsinə münasibət bildirib

"Qazprom" Yamalda SOCAR-la edə biləcəyi əməkdaşlıq məsələsinə münasibət bildirib
# 20 dekabr 2019 12:23 (UTC +04:00)

"Bu gün siyasi vəziyyət biznesin inkişafı və neft-qaz investisiyaları üçün əlverişlidir".

"APA-Economics"in məlumatına görə, bunu Rusiyanın "Qazprom" şirkətinin Azərbaycandakı nümayəndəsi Maksut Andjerjanov şirkətin SOCAR-ı Yamalda qaz-kimya kompleksinin inşası layihəsinə cəlb edilməsi imkanları məsələsini şərh edərkən deyib.

"Hər halda, əməkdaşlığın ikitərəfli olması bizim üçün vacibdir. Ən vacibi odur ki, bu gün siyasi vəziyyət biznesin inkişafı, neft və qaz investisiyaları üçün əlverişlidir, ona görə də (bu məsələyə – red.) baxacağıq", - deyə M. Andjerjanov qeyd edib.

Qeyd edək ki, "Qazprom" Yamal yarımadasında Bovanenkovski yataqları blokunun bazasında polimerlərin istehsalını özündə cəmləşdirən qaz-kimya kompleksinin inşası layihəsini hazırlayır. Kompleksin tikintisi 15 mlrd. ABŞ dolları dəyərində qiymətləndirilir.

Bovanenkovski blokuna üç yataq daxildir – Bovanenkovskoye, Xarasaveyskoye və Kruzenşternskoye.

Rusiya mətbuatının məlumatına görə, "Qazprom" Rusiyanın birbaşa investisiya fondunun rəhbərlik etdiyi layihəyə xarici şirkətlərin cəlb edilməsini artıq müzakirə edib. Layihədə mümkün iştirakçıları sırasında Səudiyyə Ərəbistanın SABIC və Azərbaycanın SOCAR şirkətlərinin adı çəkilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR