Azərbaycan Prezidenti: “Daha bir neçə perspektivli neft-qaz strukturu kəşfiyyat və işlənilmə mərhələsindədir”

Azərbaycan Prezidenti: “Daha bir neçə perspektivli neft-qaz strukturu kəşfiyyat və işlənilmə mərhələsindədir”
# 09 may 2020 14:41 (UTC +04:00)

“Mən dəfələrlə demişəm ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Buna görə də əsas məsələ enerji müstəqilliyinin təmin edilməsi idi və biz buna nail olduq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışına müsahibəsində deyib.

Dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından onların ixracatçısına çevrilib: “2003-cü ildən bəri Azərbaycanda 30-dan çox elektrik stansiyası tikilib. Bir neçə ildir ki, biz istehsal edilən elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Yeri gəlmişkən, biz ölkənin ekoloji vəziyyətinə böyük diqqət yetiririk, buna görə də son illərdə Azərbaycanda inşa edilən elektrik stansiyaları bütün ekoloji tələblərə cavab verir və respublikanın təbii qaz və su ehtiyatları əsasında işləyir.

Biz Azərbaycanda bərpaolunan enerjinin inkişafına da böyük diqqət yetiririk. Bu ilin yanvar ayında ilkin razılıq əldə edildi və bərpaolunan enerji sahəsində böyük təcrübəyə malik olan iki iri xarici şirkət Azərbaycanla ilkin sazişlər imzaladı. Həmin sazişlərə əsasən ölkəmizdə yalnız əcnəbi investorların hesabına ümumi gücü 440 meqavat olan iki elektrik stansiyası tikiləcək – biri külək enerjisindən, digəri günəş enerjisindən elektrik enerjisi istehsal edəcək.

Bizdə elektrotexnika sahəsinin infrastrukturu tamamilə modernləşdirilib. Davos Dünya İqtisadi Forumunun reytinqinə əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yeri tutur”.

İri transmilli neft-qaz layihələrinin həyata keçirilməsi məsələsinə gəldikdə, Azərbaycan Prezidenti bildirib ki, bizim enerji resurslarını bir neçə istiqamətdə ixrac edən 7 neft və qaz kəməri inşa olunub: “Cənub Qaz Dəhlizinin tikintisi uğurla başa çatmaq üzrədir. Bu dəhliz dörd layihədən ibarətdir:

• Ehtiyatlarının həcmi 1 trilyon kubmetrdən çox olan “Şahdəniz-2” qaz-kondensat yatağı;

• Cənubi Qafqaz qaz kəməri;

• TransAnadolu qaz kəməri (TANAP).

Yuxarıda göstərilən 3 layihənin reallaşması artıq başa çatdırılıb.

• TransAdriatik qaz kəmərinin (TAP) tikintisi üzrə işlərin 94 faizdən çoxu yerinə yetirilib.

Nisbətən yaxın vaxtlarda ehtiyatlarının həcmi minimum 300 milyard kubmetr qaza bərabər olan yeni “Abşeron” qaz-kondensat yatağı açılıb. Bu yataqda hasilatın gələn il başlanması gözlənilir. Bu ilin mart ayında “Qarabağ” iri neft yatağı kəşf edilib. Daha bir neçə perspektivli neft-qaz strukturu kəşfiyyat və işlənilmə mərhələsindədir. Beləliklə, bütün bunlar neft hasilatının sabit profilini və təbii qaz hasilatının artan həcmini təmin edəcək.

Biz lap əvvəldən OPEC+ formatında fəal iştirak etmişik. Qeyd etmək istəyirəm ki, OPEC+ formatı ideyasını ilk dəfə mən bir neçə il bundan əvvəl Davos Dünya İqtisadi Forumunun panel müzakirələrində irəli sürmüşəm. Azərbaycan bu yaxınlarda da 9-cu və 10-cu OPEC+ görüşlərində fəal iştirak edib. Bu görüşlərin digər iştirakçıları kimi, Azərbaycan da neft hasilatının azaldılması üzrə öhdəlik götürüb, özünü etibarlı və sabit tərəfdaş kimi göstərib.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərimizin bütün başqa sahələrində olduğu kimi, enerji sahəsində də çoxillik uğurlu əməkdaşlıq təcrübəsinə malikdir və mən əminəm ki, bu əlaqələr gələcəkdə də fəal inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR