Azərbaycan və Monqolustan energetika sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Monqolustan energetika sahəsində əməkdaşlıq edəcək
# 12 dekabr 2020 09:27 (UTC +04:00)

Monqolustan enerji daşıyıcılarının nəqli və emalı sahəsində Azərbaycan təcrübəsinin öyrənilməsində, həmçinin külək və günəş enerjisi kimi bərpa olunan enerji mənbələri üzrə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanın Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Monqolustanın Türkiyədə, eyni zamanda Azərbaycanda akkreditə olunmuş səfiri Bold Ravdanı nazir Pərviz Şahbazovla görüşü zamanı deyib.

Səfir həmçinin iki monqolustanlı tələbənin Azərbaycan Sənaye Universitetində təhsil almalarına göstərilən dəstəyə görə təşəkkür edib. Hələ ötən əsrin ortalarında Azərbaycanlı mütəxəssislərin Monqolustanda ilk neft quyusunun qazılmasında iştirak etdiyini, həmçinin həmin dövrlərdən etibarən Monqolustanlı tələbələrin Azərbaycanda müvafiq istiqamətlərdə təhsil aldıqlarını diqqətə çatdırıb.

Öz növbəsində, nazir P. Şahbazov iki ölkə arasında yüksək münasibətlərin olduğunu, eyni zamanda enerji sahəsində də münasibətlərin inkişaf etdiyini bildirib, qeyd edilən sahələrdə Azərbaycan təcrübəsini bölüşməyə və qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlıq etməyə hazır olduğunu diqqətə çatdırıb.

Görüşdə "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Monqolustanın Energetika Nazirliyi arasında energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması və digər məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR