Bakıda Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupunun iclası keçirilib

Bakıda Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə İşçi Qrupunun iclası keçirilib
  • Clock-gray 17:11
  • calendar-gray 29 Yanvar 2020

Azərbaycan Energetika Nazirliyinin təşkilatçılığı, Beynəlxalq Enerji Xartiyasının dəstəyi ilə Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində beynəlxalq təşkilatlar, dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə “Azərbaycanın Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planı” layihəsi üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Energetika nazirinin müavini Samir Vəliyev ölkədə energetika sahəsində aparılmış islahatlardan danışaraq, enerji resurslarından səmərəli və effektiv istifadənin təmin edilməsi məqsədilə Avropa İttifaqının “EU4Energy” Proqramı  çərçivəsində “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, bu istiqamətdə növbəti addım olaraq Enerji Effektivliyinə dair Birinci Milli Fəaliyyət Planı layihəsi hazırlanıb və ilkin variant İşçi Qrupuna təqdim edilib. Milli Fəaliyyət Planı 2021-2025-ci illəri əhatə edəcək və bugünkü müzakirələrdə layihə üzrə rəy və təkliflər öyrəniləcək.

Məlumata əsasən, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Enerji məsələləri üzrə müşaviri Dangis Versetskas Milli Fəaliyyət Planının əhəmiyyətindən danışaraq, enerji effektivliyinə dair qənaət tədbirlərinin vacibliyini vurğulayıb və layihə üzrə görülmüş işlər barədə məlumat verib.

İclasda Milli Fəaliyyət Planı ilə bağlı enerjiyə qənaət və enerji effektivliyi üzrə hədəflər nəzərdən keçirilib, bu sahədə inzibati və institusional strukturun gücləndirilməsi, enerji effektivliyinə dair monitorinq və hesabat sisteminin yaradılması, maarifləndirmə işlərinin aparılması ilə bağlı təkliflər diqqətə çatdırılıb. 2021-2025-ci illər üçün Milli Fəaliyyət Planına təklif olunan enerji təchizatı, sənaye, nəqliyyat və kənd təsərrüfatı sektorları, binalar və bələdiyyə xidmətləri üzrə tədbirlər barədə məlumat verilib, bu tədbirlərin həyata keçirilməsi nəticəsində gözlənilən enerji qənaəti və tələb olunan investisiyaların qiymətləndirilməsi ilə bağlı təqdimatlar dinlənilib, İşçi Qrupunun rəy və təklifləri üzrə müzakirələr aparılıb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date