OPEC ölkələri noyabrda "OPEC+" öhdəliklərini 104% yerinə yetirib

OPEC ölkələri noyabrda "OPEC+" öhdəliklərini 104% yerinə yetirib
  • Clock-gray 10:00
  • calendar-gray 15 Dekabr 2020

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin noyabr ayında gündəlik neft istehsalını 707 min barel artıraraq 25,11 mln. barelə çatdırıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, artım əsasən Liviyanın hesabına baş verib. Belə ki, ölkə gündəlik neft hasilatını 656 min barel artıraraq bu göstəricini 1,1 mln. barelə çatdırıb.

Qeyd edək ki, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öz öhdəliklərini 104% yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad ediliblər. Beləliklə, noyabrda razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21,6 mln. barel təşkil edib ki, bu da plan göstəricisindən 207 min barel azdır.

Xatırladaq ki, Azərbaycan noyabr ayında "OPEC+" üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, "OPEC+" üzrə öhdəliyini 100% yerinə yetirib.

Dekabrın 3-ə OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin 12-ci iclasında gündəlik neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Sözügedən qərarı Azərbaycan da dəstəkləyib.

Emil İsmayılov

Digər xəbərlər