AÇG-dən SOCAR-a qazın ötürülməsi 13% azalıb

AÇG-dən SOCAR-a qazın ötürülməsi 13% azalıb
# 09 fevral 2023 12:46 (UTC +04:00)

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 2,6 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 13,3% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2022-ci ilin nəticələrinə dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 7 mln. kubmetr qaz verilib.

"Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub", - hesabatda deyilir.

Hesabata əsasən, ötən il AÇG-dən ümumi hasilat – “Çıraq” (25 200), “Mərkəzi Azəri” (104 100), “Qərbi Azəri” (106 400), “Şərqi Azəri” (64 000), “Dərinsulu Günəşli” (76 300) və “Qərbi Çıraq” (39 400) platformalarından birlikdə – gündə orta hesabla 415 400 barel və ya ümumilikdə təxminən 152 milyon barel, yəni 20 milyon ton olub.


İlin ikinci rübündə AÇG-nin illik iş proqramının bir hissəsi olaraq Şərqi Azəri platformasında planlaşdırılmış profilaktik işlər proqramı uğurla həyata keçirilib. Plana əsasən “Şərqi Azəri” platformasından hasilat təxminən 15 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılmış bu proqram tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.


”İlin sonunda AÇG-də ümumilikdə 141 neft hasilat quyusu, 41 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub”, - hesabatda vurğulanır.

Qeyd edək ki, AÇG-də hasil edilən qazın bir hissəsi SOCAR-a təmənnasız olaraq verilir.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (orerator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inrex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaş şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR