Azərbaycan və Türkiyə elektrik enerjisi sahəsində əməkdaşlığı genişləndirəcək

Pərviz Şahbazov

© APA | Pərviz Şahbazov

# 22 dekabr 2021 15:25 (UTC +04:00)

Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi, elektrik enerjisi bazarı, elektrik enerjisinin paylanması, ötürülməsi və tənzimləmə Azərbaycan-Türkiyə elektrik enerjisi əməkdaşlığında müasir çağırışlara və ölkələrimizin hədəflərinə uyğun yeni istiqamətlər iki ölkə arasında 1-ci Enerji Forumunun da başlıca prioritetləridir.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

Onun sözlərinə görə, hazırda Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı, elektrik enerjisi sahəsində üçtərəfli formatın inkişafı ilə bağlı perspektivlər, layihələr, həmçinin Türkiyə şirkətlərinin 550 MVt qaz-turbin elektrik stansiyası layihəsi üzrə təklifləri dəyərləndirilir.

"Türkiyə bərpa olunan enerjinin inkişafı və elektrik enerjisi bazarının liberallaşdırılması ilə bağlı zəngin təcrübəsini bizimlə bölüşür və bu, ölkələrimizin enerji transformasiya prosesində birgə addımlarına dəstək verir", - nazir qeyd edib.

Nazir əlavə edib ki, bərpa olunan enerjinin ölkə üzrə təxminən 27 min MVt-lıq, işğaldan azad edilmiş ərazilərdə 7 200 MVt günəş, 2 000 MVt külək enerjisi potensialı, zəngin daxili su ehtiyatları, həmçinin, ümumilikdə 700 MVt-lıq külək və günəş enerji layihələri üzrə planlaşdırılan hərraclar, Laçın-Kəlbəcər zonasında 100 MVt-lıq külək elektrik stansiyasının tikilməsi və "yaşıl enerji zonası"nın yaradılması ilə bağlı digər planlar Türkiyə investorları üçün geniş üfüqlər açır.

Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji" zonasına çevrilməsi prosesində türk şirkətləri ilə geniş əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də həmrəyliyimizin rəmzi ola bilər.

"Hər zaman və bütün proseslərdə olduğu kimi, "təmiz enerjili" gələcəyə doğru yolumuzda da Türkiyəni ən böyük müttəfiq görürük. Bunun ilk örnəklərindən biri İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinə Azərbaycanın ev sahibliyi etməsi üçün Türkiyənin öz namizədliyini geri çəkməklə nümayiş etdirdiyi dəstəkdir", - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR