Pərviz Şahbazov ABŞ-da bir sıra görüşlər keçirəcək

Pərviz Şahbazov ABŞ-da bir sıra görüşlər keçirəcək
# 20 noyabr 2019 14:52 (UTC +04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov noyabrın 21-də Vaşinqton şəhərində keçiriləcək “Əsrin müqaviləsi: 25 illik uğurlu fəaliyyət” adlı tədbirdə iştirak etmək məqsədilə ABŞ-a səfər edib. Xəzər Siyasət Mərkəzinin (“Caspian Policy Center”) təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ, Azərbaycan və digər Xəzər regionu ölkələrinin dövlət rəsmiləri, enerji şirkətləri və biznes dairələrinin iştirakı gözlənilir.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, P. Şahbazovla yanaşı, ABŞ-ın enerji nazirinin müavini Mark Menezes, ABŞ-ın enerji resursları üzrə dövlət katibinin müavini Fransis Fannon və digər yüksək səviyyəli nümayəndələrin çıxışları nəzərdə tutulub.

Məlumata əsasən, yubiley mərasimində “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi yüksəlişindəki və Xəzər regionunun dünyanın digər regionları ilə iqtisadi əlaqələrinin gücləndirilməsində rolu, bu günədək bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi, ötən müddət ərzində əldə olunan təcrübələr, gələcəkdə regionun neft və qaz sektorundakı perspektivləri və imkanları müzakirə olunacaq.

Qeyd edək ki, tədbir çərçivəsində Energetika naziri P. Şahbazovun bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR