"Şəfəq-Asiman"da qazma işləri iki ilə yaxın davam edə bilər

"Şəfəq-Asiman"da qazma işləri iki ilə yaxın davam edə bilər
# 10 sentyabr 2019 14:38 (UTC +04:00)

"Şəfəq-Asiman" perspektiv blokunda ilk SAX01 kəşfiyyat quyusunun qazılması işlərinin (o cümlədən quyunun sınaq fəaliyyətləri – red.) ümumilikdə 604 günədək davam edəcəyi gözlənilir.

"APA-Economics"in Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənəd layihəsi variantına istinadən verdiyi məlumata görə, qazıldıqdan sonra quyunun konservasiya ediləcəyi və 1-3 illik fasilədən sonra (quyu sınağı üçün qazma qurğusunun mövcudluğundan asılı olaraq – red.) quyuda sınaq işlərinin aparılması gözlənilir.

Ümumi layihə çərçivəsində fəaliyyətlər iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələyə quyunun qazılması və konservasiyası işləri daxildir (qazma işləri 2020-ci ilin üçüncü rübündə, konservasiya – 2020-ci ilin dördüncü rübündə başa çatacaq – red.). İkinci mərhələdəki işlərə quyunun sınağı və quyunun ləğvi daxildir.

Qeyd edək ki, SAX01 quyusunun qazılmasında əsas məqsəd Kontrakt sahəsinin gələcəkdə potensial işlənməsinə başlamazdan əvvəl Qırmakuüstü Qumlu, Fasilə və Balaxanı lay dəstələrindəki qaz ehtiyatını qiymətləndirməkdir.

ƏMSSTQ-ə əsasən, hazırkı mərhələdə quyu sınağı ilə bağlı işlər kifayət qədər müəyyən edilməyib və ona görə də həmin işlər layihənin əsas variantına daxil edilməyib və quyu sınağının həyata keçirilməli olacağı təsdiqlənərsə sonrakı tarixlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək icazənin alınmasına dair ayrıca sənəddə bu işlər nəzərdən keçiriləcək.

"Ümumilikdə, kəşfiyyat-qazma işlərinin (o cümlədən quyunun sınaq işləri – red.) təxminən 604 gün davam edəcəyi gözlənilir”, - deyə sənəddə qeyd olunub.

Nəzərdə tutulan layihə çərçivəsindəki kəşfiyyat quyusunun “Heydər Əliyev” Səyyar Dəniz Qazma Qurğusundan (SDQQ) istifadə olunmaqla qazılacağı gözlənilir.

“Şəfəq-Asiman” kontrakt sahəsi Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətində təxminən 125 km məsafədə uzanır. Sahəsində suyun dərinliyi təxminən 600-800 metr təşkil edir və bu yataqda karbohidrogen ehtiyatları dəniz səviyyəsindən aşağıda təxminən 6-7 min metr dərinliklərdə yerləşir.

Quyunun qazılması layihəsinə avadanlığın hazırlanması, quyu lüləsində konduktor, üst və aşağı intervalların qazılması, quyuağzı avadanlığın quraşdırılması və qoruyucu kəmərlərin sementlənməsi, quyunun konservasiya edilməsi və quyunun müvəqqəti ləğvi, quyuya təkrar giriş və quyuda sınaq işləri və quyunun tamponajı və ləğvi daxildir.

Qeyd edək ki, 1995-ci və 1999-cu illərdə "Şəfəq-Asiman"da 2-ölçülü (2D) seysmik tədqiqat və onun ardınca isə 2012-ci ildə 3-ölçülü (3D) seysmik tədqiqat həyata keçirilib. Kəşfiyyat quyusunun dəqiq qazılma yeri ilə bağlı qərarın verilməsində seysmik tədqiqatın və sonrakı geoloji təhlükələr və batimetriya üzrə tədqiqatın nəticələrindən istifadə edilib.

Xatırladaq ki, "Şəfəq-Asiman" bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP (operator) və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir. Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR