"Airshow China" beynəlxalq aviasiya sərgisi pandemiyaya görə təxirə salınıb

"Airshow China" beynəlxalq aviasiya sərgisi pandemiyaya görə təxirə salınıb
  • Clock-gray 11:48
  • calendar-gray 13 Oktyabr 2020

Noyabrın 10-15-də Çinin Çjuhay şəhərində keçirilməsi planlaşdırılan 13-cü Beynəlxalq Aviasiya Sərgisi ("Airshow China") koronavirus (COVID-19) pandemiyası səbəbindən məlum olmayan tarixədək təxirə salınıb.

"APA-Economics" xəbər verir ki, bu barədə sərgi təşkilatçılarının məlumatında deyilir.

"Hazırda COVID-19 pandemiyasının dünyada yayılması hələ də nəzarətə alınmayıb. Çin və xarici qonaqların sağlamlığı, səyahət təhlükəsizliyi və digər amillərdən irəli gələrək, 10-15 noyabr tarixlərində Çinin Çjuhay şəhərində keçirilməsi planlaşdırılan 13-cü Beynəlxalq Aviasiya Sərgisi təxirə salınıb. Sərginin dəqiq vaxtı haqqında əlavə olaraq məlumat veriləcək", - deyə tədbir təşkilatçılarının məlumatında deyilir.

Xatırladaq ki, "Airshow China" 1996-cı ildən etibarən Çjuhay şəhərində keçirilir. Sərgidə həm hərbi, həm mülki təyyarələr, həmçinin kosmik texnologiya, silahlanma və desantçılar üçün hərbi texnika, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri nümayiş olunur.

APA-Economics

Digər xəbərlər