General Vəli Kiçik haqqında - TƏHLİL

General Vəli Kiçik haqqında - <font color=red>TƏHLİL</font>
# 07 yanvar 2009 11:33 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. “Ergenekon”la bağlı məhkəmə və həbslər davam edərkən prosesin çox önəmli ismi sayılan general-mayor Vəli Kiçiklə bağlı bəzi məqamlara toxunmaq Azərbaycan baxımından maraqlı olar. Azərbaycanın bəzi media orqanları istefada olan general-mayor Vəli Kiçikdən xalq qəhrəmanı kimi bəhs edir, onun ağzından çıxan və çıxmayan hər kəlməni fetişizm örnəyi kimi təqdim etmək yarışına girirlər. Türk ordusunun bütün zabitləri kimi, general Vəli Kiçiyin də dövlət və millət qarşısında xidmətlərini heç kimin danmağa haqqı yoxdur. Vəli paşanın adı Türkiyənin gündəminə ilk dəfə 1996-cı il noyabrın 3-də baş verən Susurluq qəzasından sonra gəlmişdi. Qəzada həlak olan 70-ci illərin milliyyətçi gəncliyinin liderlərindən biri, 80-ci illərdə həbsxanadan qaçırılaraq Avropada ASALA terror teşkilatına qarşı mübarizəyə göndərilən, ölkəyə döndükdən sonra burada başqa ad altında yaşayan Abdulla Çatlının o vaxt polkovnik olan Vəli Kiçiklə onun adına mobil telefon alacaq qədər yaxın dostluğu diqqət çəkmişdi. Ancaq parlamentin Susurluq qalmaqalını araşdıran komissiyası onun ifadəsini ala bilməmiş, ordu rəhbərliyi də Vəli paşaya qarşı hər hansı tədbir görməyə ehtiyac hiss etməmişdi. 1999-cu ildə general rütbəsi alan Vəli Kiçik 2001-ci ildə istefaya çıxdıqdan 15 gün sonra Bakıda mərhum prezident Əbülfəz Elçibəyin ölümünün ildönümündə görünmüş, türk mediası bunu təəccüblə qarşılamışdı. 2000-ci ilin iyulunda – Türkiyəyə son gəlişində Əbülfəz bəy İstanbul aeroportunun şərəf salonunda Ankaraya getməyə hazırlaşarkən Vəli Kiçiyin ona zəng edərək “sayın cümhurbaşkanım, əmrinizdəyəm” dediyini yaxşı xatırlayıram. İstefaya çıxdıqdan sonra Vəli Kiçik GİMA şirkətlər qrupu İdarə Heyətinin üzvü kimi ticarət fəaliyyətinə başladı. Bir neçə il əvvəl həm “Strateji” adlı mühafizə şirkəti qurdu, həm də türk Dünyası Araşdırmaları Fondunun İdarə Heyətinə daxil oldu. Milliyyətçi dünyagörüşü ilə tanınan general Kiçik eyni zamanda DAK-ın Türkiyə təmsilçisi idi. 2007-ci il fevralın 26-da İstanbulun Taksim meydanındakı Xocalı mitinqində tanış olduğum Vəli Kiçikdən APA üçün müsahibə istəmişdim. Kartvizitini verib daha sonra görüşməyi məsləhət görmüşdü. Bir qədər sonra Vəli paşanı Türk Dünyası Araşdırmaları Fondunda gördüm. Professor Turan Yazqanın “‘Susurluk paşası” dediyi general Kiçik bir azərbaycanlıdan narazılığını bildirərək demişdi: “Mənim Ermənistanda keçirdiyim gizli əməliyyatlar barədə niyə Avropada danışıb?!” O, Qarabağı xilas etməyin lüzumundan bəhs etmiş, bunun üçün Azərbaycandan kömək yox, sadəcə, icazə istədiyini bildirmişdi. Müsahibə verməyə isə razı olmamışdı. Həmin vaxt Bakıda Türkiyə baş nazirinin də iştriakı ilə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının toplantısı keçirilirdi. Bakıdakı toplantıdan sonra müsahibəyə razılıq versə də, ofisinə zənglərimə cavab ala bilməmişdim. Atasının naxçıvanlı olduğunu demiş və Türkiyədə ordu mənsublarının cəmiyyətin hansı təbəqlərindən seçildiyini anlatmışdı. General Vəli Kiçiyin ilk dəfə yan-yana oturduğu bir jurnalistlə bu qədər açıq danışmasına doğrusu, təəccüblənmişdim. Ermənistanda və Kərkükdə keçirdiyi əməliyyatlar barədə (əgər keçiribsə) ip ucları verməsi məni çaşbaş salmışdı. Çünki hər hansı əməliyyatdan söhbət getsəydi belə, Vəli paşanın bunu kənar bir şəxsə söyləməsi, o şəxsin də bunu Avropada ağzından qaçırması nə dərəcədə ciddi idi? Türk Dünyası Araşdırmaları Fondundakı görüşdə Vəli paşa ona bəzi qonşu ölkələrə qarşı əməliyyat aparılması səlahiyyətinin verilməsinin lüzumundan bəhs edir, səbəbini soruşanda isə “işin üstü açılarsa, deyərlər ki, bunları ordudan qovulan bir general edib”, şəklində məntiq ortaya qoymuşdu. “Bütün işlərin səbəbkarı ordudan qovulmuş bir generaldır”. Bu məntiqə Türkiyənin və türk ordusunun nə ehtiyacı vardı? Yüzlərlə adsız və səssiz qəhramanı pərdə arxasında qalan türk ordusunun bir generalının 12 ildən bəri gündəmdə qalması ordunun imicinə mənfi təsir etməzdimi?

Ordu generalı İlkər Başbuğun Baş Qərargah rəisi kreslosuna oturmasından sonra Kocaeli jandarma komandanına verdiyi ilk təlimat “Ergenekon” əməliyyatında həbs edilən iki ordu generalını Baş Qərargah adından ziyarət etmək olmuşdu. Baş Qərargah rəisinin həbsxanadakı Vəli Kiçiklə görüşmək üçün təlimat verməməsi necə şərh edilə bilər? Məhkəmədəki ifadəsində general Kiçiyin “dövlətin mənə tələ quracağına inanmazdım”, sözləri hansı mənanı daşıyır? Geniş planda baxanda general-mayor Vəli Kiçiyin milliyyətçi bir ideoloq və ya gizli təşkilat lideri olmaq üçün intellektual potensialı və gücü varmı? Buna inamım azdır. Bəs onda bu hay-küyün səbəbi nədir? “Ergenekon” məhkəməsi davam etdikcə hay-küyün azalacağına əmin olun.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR