“Ergenekon”la bağlı son dalğa - TƏHLİL

“Ergenekon”la bağlı son dalğa - <font color=red>TƏHLİL </font>
# 08 yanvar 2009 11:59 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Türkiyədə ordu generallarının polis nəzarətinə alınması artıq adi hala çevrilib. “Ergenekon” əməliyyatının qeyri-məhdud səlahiyyətli prokuroru gözünü qırpmadan Türkiyənin tanınmış şəxsiyyətlərini ildırım sürəti ilə polis idarəsinə, oradan da özünün sorğu-sual otağına gətizdirə bilir. Əməliyyatın son dalğasının 1997-ci il fevralın 28-də Milli Təhlükəsizlik Şurasının ölkədəki radikal dini fəaliyyətlərlə bağlı ultimatumuna cavab xarakteri daşıyacağına dair söz-söhbəti təsdiqlədiyi ortaya çıxdı. Həmin dövrün Milli Təhlükəsizlik Şurasının baş katibi, istefada olan ordu generalı Tuncər Qılınç və hərbi akademiyaların keçmiş komandanı, istefada olan ordu generalı Kamal Yavuz (son illər bir TV kanalında Fətullah Gülən qrupu ilə bağlı ardıcıl şərhlər verirdi), həmçinin o dövrün Ali Təhsil Qurumunun (Yüksek Ögretim Kurulu - YÖK) sədri, tələbələrin universitetlərə hicabla girməsini qadağan edən qərarın memarlarından biri, professor Kamal Gürüz polis nəzarətindədir. Ölkənin ən böyük təhsil qurumlarından olan “İstek” Vəqfində və ona bağlı Yedditəpə Universitetində axtarışlar aparıldı. Vəqfin sədri, İstanbulun keçmiş bələdiyyə başkanı Bədrəddin Dalan Amerikada olduğundan hələlik həbs edilməyib. Polis Ali Məhkəmənin (Yarğıtay) keçmiş baş prokuroru, 2007-ci ilin aprelində Abdulla Gülün prezident seçilməsinin önündə qanuni əngəl olduğunu gündəmə gətirən və daha sonra AKP hökumətinə qarşı sərt hüquqi müxalifət həyata keçirən Sabih Kanadoğlunun evində 5 saat axtarış aparsa da, onu həbs etməyib. Əməliyyatın son dalğasında saxlanılan professor Yalçın Kiçik haqqında isə ayrıca danışmaq lazımdır.

AKP iqtidarı dövründə ikiyə bölünən Türkiyə mediasının Tayyib Ərdoğanı qeyd-şərtsiz dəstəkləyən qismi yarım ildən bəri professor Yalçın Kiçiyin indiyə qədər niyə həbs edilmədiyinə dair təbliğat aparırdı. “Ergenekon” əməliyyatı çərçivəsində professor Y. Kiçiyin adı iqtidar dəstəkçisi media tərəfindən terror təşkilatı ilə əməkdaşlıqda hallandırılmışdı. İddialara cavab verən Y. Kiçik terror təşkilatının başçısı ilə görüşdüyünü və ona Amerika ilə İsrailə işləməkdən vaz keçərək türk dövlətinə sədaqətli olmağı tövsiyə etdiyini bildirmişdi. AKP iqtidarına qarşı müxalifətin simvolu halına gəlmiş və düşündüyü hər şeyi o anda TV kanalında və ya qəzet-jurnallarda açıqlayan Y. Kiçiyin polis nəzarətinə alınması əməliyyatda şəxsi haqq-hesabın ön plana çıxmasına dair iddiaları daha da gücləndirdi. Polis maşınına mindiriləndə “bu, diktatorluqdur”, deyən professorun sözlərini şərh edən bir jurnalist bu gedişlə 2,5 milyon insanın həbs oluna biləcəyini dedi ki, bununla razılaşmamaq mümkün deyil. Çünki 48 nəfərin 13 ay həbsdə qalmasından sonra məhkəməyə təqdim edilən ilk ittihamnamədən məlum oldu ki, şübhəli şəxslərin telefon danışıqları, qəzet materialları, hətta dedi-qodu və şayiələr ittihamnamədə özünə yer tapıb. Prokurorlar “Ergenekon”u sonu olmayan əməliyyat kimi təqdim edərək istədikləri vaxt yeni həbs dalğasının başlaya biləcəyini gizlətmirlər. Bu isə ictimaiyyət arasında daimi narahatlığa səbəb olur. İyulun 1-də keçirilən əməliyyatda həbs edilən istefada olan ordu generalları Şənər Əruyğur və Hurşid Tolon başda olmaqla digər 30 nəfərlə bağlı ittihamnamənin nə vaxt yazılacağı hələlik bəlli olmadığı kimi, o ittihamnamədə “illeqal təşkilat yaradaraq dövlət çevrilişinə cəhd etmək” suçlamasının yer alıb-almayacağı da mübhəmdir.

Hələlik isə tam sürətlə yeni həbslər davam edir. “Ergenekon” əməliyyatı ilə maraqlanmayanları hər həbs dalğasından sonra bu sual düşündürür: siyasi-ideoloji və düşüncə hərəkatının fərqli qütblərində duran bu qədər insanı bir araya hansı istək gətirib? (və ya gətiribmi?) Çoxu ictimaiyyət tərəfindən yaxşı tanınan və düşüncələrini ictimaiyyət önündə açıqlamaqdan çəkinməyən yüksək rütbəli generallar, alimlər, jurnalistlər, iş adamları, partiya və QHT liderləri niyə “terror təşkilatı” qurmağa ehtiyac hiss ediblər? Məlumat üçün deyək ki, “terror təşkilatı qurmaq və idarə etmək”də günahlandırılan “Cumhuriyet” qəzetinin 84 yaşlı baş yazarı İlhan Səlçukun 500 il müddətinə həbsi tələb edilir. Universitet müəllimləri ikən bir anda özlərini həbsxana divarları arasında görən elm adamlarının ömür boyu həbsi tələb olunur.

“Ergenekon” əməliyyatının son dalğasındakı həbslər bir çox şərhçi tərəfindən 28 fevral 1997-ci ilin revanşı kimi qiymətləndirilir. O gün Milli Təhlükəsizlik Şurasının Ərbakan hökumətinə verdiyi ultimatum iyun ayında hökumətin istefası ilə nəticələnmiş, 98-ci ilin yanvarında parlamentin ən böyük partiyası olan Rifah Partiyası qapadılmış, Siirt vilayətində dini motivli şer oxuyaraq xalqı din dövləti qurmağa təşviq etdiyinə görə Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə başqanı vəzifəsindən çıxarılmış və 4 ay həbsxanada yatmışdı.

Son dalğada polis nəzarətinə alınan Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Tuncər Qılınç Azərbaycana xüsusi diqqət yetirən şəxsiyyətlərdən biridir. Belə ki, Türkiyədə hər il keçirilən Xocalı soyqırımını anma mitinqlərində Tuncər paşanın çıxış etdiyini görürük. Xaricdə olduğuna görə hələ ki həbs edilməyən Bədrəddin Dalanın Azərbaycanla çox yaxın əlaqələri isə 20 ildən bəri mövcuddur. O, İstanbulun bələdiyə sədri olarkən Qarabağla bağlı bir toplantıya dəvət olunub. B. Dalan toplantıya qatıla bilməsə də, Azərbaycana dəstək üçün 100 min dollarlıq bank çeki göndərib. 1989-cu ildə bələdiyyə sədrliyindən ayrılan B. Dalan 1991-ci ildə Süleyman Dəmirəlin Doğru Yol Partiyasından millət vəkili seçilib. Xocalı soyqırımından sonra Bakıya gələn B. Dalan buradan 10 şəhid uşağını İstanbula apararaq özünün qurduğu “İstek” Fondunun məktəblərində, sonra isə universitetlərdə oxudub. Həmin uşaqlardan bir neçəsi indi Yedditəpə Universitetində çalışır. Universitetdəki hər toplantıda B. Dalan Yedditəpənin atatürkçülüyün qalası olduğunu vurğulayır. Şərhlərdən öyrənirik ki, “Ergenekon” əməliyyatının prokuroru uzun müddət düşünəndən sonra B. Dalanın “Ergenekon təşkilatı”nın lideri ola biləcəyini ehtimal edib. Son dalğada B. Dalanın vəqf və universitetində aparılan axtarışların məqsədi də bunu üzə çıxarmaq imiş. Amerikadan Türkiyə mediasına açıqlamalar verən B. Dalan barəsindəki iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb. Siyasi müşahidəçilər B. Dalanı “Ergenekon”a daxil etmək cəhdlərinin Fətullah Gülənin məktəblərini gücləndirmək niyyəti güdə biləcəyini də istisna etmirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR