Rasizmin beşiyi və insanların ova çevrildiyi ölkə-TƏHLİL

Rasizmin beşiyi və insanların ova çevrildiyi ölkə-<span style="color: red;">TƏHLİL
# 27 iyun 2015 09:08 (UTC +04:00)

Arzum budur ki, irqçiliyin dəhşətli dərəcədə yayıldığı, “məhv etmək” və “müdaxilə etmək” sözlərinin dildən düşmədiyi bu torpaqlarda bir gün ağdərili və qara dərili oğlan və qızlar əl-ələ verərək bacı-qardaş kimi gəzsinlər”.

Amerikanın “qara tarixini” ifşa edən Martin Lüter Kinq 1960-cı illərdə belə arzulayırdı. Ağdərililərin Amerikasında quldarlığa və irqçiliyə qarşı mübarizə aparan bu şəxs 1968-ci ildə məhz qaradərili olduğu üçün qətlə yetirildi. Kinqin gerçəkləşməyən Amerika arzusundan 50 il keçir və bu gün də ABŞ-da rasizm çiçəklənməkdədir.


Qırmızıdərililərin nəslinin kəsildiyi, qaradərililərin ova çevrildiyi ölkə


Bura Amerikadır. Hegemon güc olmağa iddialı bu ölkə dünyaya “demokratiya mühazirəsi” oxumaqla məşhurdur. Bu polis dövləti üçün bircə hədəf var: şəxsi maraqların təmin edilməsi. Onunla razılaşmayanlara qarşı güc tətbiq olunur, qara yaxma kampaniyası aparılır, təcridetmə siyasəti həyata keçirilir və bütün bunlar insan haqları, demokratiya yarlığı altında reallaşdırılır. ABŞ-ın özündəki vəziyyət isə olduqca acınacaqlıdır.

“Demokratiya beşiyində” doğulan rasizm


Bu ifadə ABŞ-ın tarixi və bu günü ilə əyani şəkildə assosasiya olunur. Hələ 1787-ci ildə ABŞ-ın ilk konstitusiyası hazırlanarkən, bugünkü rasizmin təməli atıldı. Yüzlərlə qula malik olan 55 ağdərilinin tərtib etdiyi əsas qanun yalnız yuxarı təbəqənin mənafelərini tanıyır, qaradərililərə heç bir hüquq vermirdi. Bununla da “azad insanların torpağında” irqi ayrı-seçkili rəsmiləşdirildi.

1865-ci ildə vətəndaş müharibəsinin Şimal ştatlarının qələbəsi ilə başa çatması nəticəsində qaradərili qullar azad olundu. Lakin bu, rasizmin çiçəklənməsinin qarşısını ala bilmədi. Həmin ildə “Ku Kluks Klan - KKK” təşkilatı yarandı və qaradərililərə qarşı mübarizə ictimai devizə çevrildi.

- Sizin təşkilata necə üzv ola bilərəm?

- 6 zəncini və bir pişiyi öldürməlisiniz!

- Pişiyin günahı nədir ki?

- Təbrik edirəm, siz qəbul olundunuz.

KKK təşkilatına qəbul qaydasını XlX əsrdə yayılmış bu lətifədən də anlamaq olar. Lakin hər şey bu qədər “asan” deyildi – üzvlüklə bağlı məhdudiyyətlər də çoxuydu. Yalnız WASP-lar (White – Anglo – Saxon - Protestants) üçün yaşıl işıq yandırılmışdı.

1920-ci illərdə təşkilat Hiram Uesley Evans adlı şəxsin başçılığı altında qaradərililərə qarşı dəhşətli hücuma başladı. Ağ geyimli təşkilat üzvləri qaradərililəri qətlə yetirir, zorlayır, onların ibadət etdiyi kilsələri yandırırdı. Bu dəhşətli cinayətlərə baxmayaraq, təşkilatın üzvlərinə qarşı dövlət tərəfindən heç bir tədbir görülmürdü.
Qaradərililərsə Vaşinqtona müraciət edərək, dövlət tərəfindən bu soyqırımın qarşısının alınacağına ümid edirdi. Lakin Amerika hökuməti kütləvi qətllərə göz yumdu. Buna görə də qaradərili camaat “Afrikaya qayıdış” hərəkatını yaratdı. Hərəkatın lideri Markus Qarvinin fırıldaqçılıqda ittiham olunaraq həbs edilməsi ilə bu cəhdləri iflasa uğratdı.

Amerikada qaradərililərin kütləvi ovu 1950-60-cı illərdə yenidən gücləndi. Bu dəfə daha dəhşətli formada. KKK-nin xələfləri qaradərililəri asır, güllələyir, daş-qalaq edir, yandırır, zorlayırdılar. Hamilə qadınlara belə rəhm olunmurdu. “Qaradərililərə ölüm” - onlar üçün əsas prinsip bu idi. Hətta bir dəfəyə 7 min qaradərili qətlə yetirilmişdi.

1964-cı ildə “Vətəndaş hüquqları”, bir il sonra isə “İmmiqrasiya haqqında” qanun qəbul olunmaqla ABŞ-da irqi ayrı-seçkilik qadağan olundu. Lakin bununla rasizmə son verilmədi. Hələ də “Ku Kluks Klan”nin davamçılarının yaşadığı Amerikada irqi ayrı-seçkilik günümüzə qədər gəlib çıxıb və bu gün yenidən 2 əsr öncəki vəziyyət davam edir. Tədqiqatlar bununla bağlı ortaya minlərlə fakt çıxarıb.

Faktlar: Məişət həyatından Dövlət Departamentinə qədər uzanan rasizm

2002-ci ildə Çikaqo Universitetinin apardığı araşdırmaya görə, Amerikada işə götürən rəyçilər ağdərililərə nisbətən qaradərililərin müraciətinə 50 faiz az baxırlar. Belə ki, rəyçilər iş üçün edilən minlərlə müraciətin arasından daha çox Emili və Brendan kimi adları olan şəxslərə cavab verir, Lakişa, yaxud Camal kimilərsə sonuncu plana saxlanılır. Çünki ikincilərin qaradərili olması ehtimalı 90 faizdən yuxarıdır.

Bu ölkədə irqi ayrı-seçkilik satış mərkəzlərində də özünü göstərir. Mənzil və Şəhərsalma üzrə Federal Departamentinin 2012-ci ildə apardığı araşdırmalara görə, ev almaq üçün əlaqələndirici şəxslərlə danışıqlar aparanlar qaradərili müştərilərə ağdərilərlə müqayisədə 17 faiz daha az ev göstərirlər. Asiyalı alıcılar üçünsə bu rəqəm 15,5 faizdir.

Eyni tendensiya avtomobil satışı zamanı da özünü göstərir. Belə ki, qaradərililər avtomobil alarkən 700 dollar əlavə ödəyirlər. Ağdərili alıcılara isə dilerlər tərəfindən güzəştlər edilir.

Amerikada irqi ayrı-seçkilik marixuana istifadəçilərinin həbs olunmasında da tətbiq olunur. Amerika Vətəndaş Azadlığı Müdafiə İttifaqının 2013-cü ildə apardığı araşdırmaya görə, marixuanadan istifadə dərəcəsi ağdərililərlə qaradərililər arasında eyni olsa da, buna görə qaradərililərin həbsi 3,7 dəfə daha çoxdur.

Qaradərililər ABŞ cəmiyyətinin cəmi 13 faizini təşkil etsə də, polisin saxladığı şəxslərin 28,4 faizi məhz qaradərili təbəqəyə aiddir. Statistikaya görə, qaradərililərin 3,1 faizi, ağdərililərin isə cəmi 0,5 faizi həbsdədir.

Bundan başqa, amerikalı həkimlər ürək prosedurları barədə qaradərililəri ağdərililər qədər məlumatlandırmır. ABŞ qanunvericiləri də qaradərili seçicilərə cavab verməkdən tez-tez imtina edirlər.

Beynəlxalq İnsan Haqları Təşkilatının hesabatına görə isə, ABŞ-da 2 milyondan artıq Afrika əsilli qaradərili seçkidə iştirak hüququndan məhrumdur. Ümumilikdə, qaradərili əhalinin hər 13 nəfərdən birinin seçmək hüququ yoxdur. Kentukki, Virciniya, Florida ştatlarında isə qaradərililərin 20 faizi seçkilərdə iştirak edə bilmir.

İrqi ayrı-seçkilik Amerika təhsil sisteminə də siyarət edib. Məlumatlara görə, 5 qaradərilidən yalnız biri təhsil almaq imkanına sahibdir. Bununla yanaşı, 5 qaradərilidən üçünün ali təhsil üçün müraciətinə mənfi cavab verilir.

Orta məktəb şagirdlərinin cəmi 17 faizi qaradərili uşaqlardır. Lakin məktəbdən çıxarılanlar arasında qaradərili şagirdlər əksəriyyət təşkil edir. Çətin yeniyetmələrlə iş üzrə ekspert Len Makduqal ABŞ məktəblərində vəziyyətin həbsxanalardakı kimi olduğunu deyib: “Məhbuslar kimi, şagirdləri də bir yerə toplayan əsas məsələ dərinin rəngidir”. L. Makduqal bu vəziyyəti “nə zamansa mütləq partlayacaq saatlı bomba” adlandırıb.

Göründüyü kimi, dünyaya “demokratiya dərsi” keçən ABŞ insanlara ən təbii hüququ – yaşamaq hüququnu belə tanımır. Lakin Amerika öz əməllərini haqq qazandırmaq üçün tarixi belə saxtalaşdırmaqdan çəkinmir.

Amerikalı professor Havard Zein “Yeni nəsil üçün ABŞ tarixi” kitabında bu barədə yazır: “İbtidai sinifdən yuxarı sinfə qədər heç bir dərslikdə Amerikaya gələnlər tərəfindən yerli əhaliyə qarşı törədilən qətliamlar barədə məlumatlarla rastlaşmırıq. Şagirdlərə belə aşılanır ki, qətliamlar Britaniya taxt-tacına qarşı istiqlal müharibələrindən qabaq baş verib. 1770-ci ildə Britaniya əsgərlərinin 5 amerikalını qətlə yetirdiyini bilən şagirdlər daxili müharibələrdə Koloradoda yüzlərlə qırmızıdərili ailənin qətliamından bixəbərdirlər”.

Qaradərililərlə yanaşı, Amerikanın əsl sahibləri olan qırmızıdərililərə qarşı soyqırım və təqib siyasəti bu gün də davam edir. “Washtingon Times” yazır ki, Nyu-Yorkun 2,5 milyon hektar torpağı saxta sənədlərlə və zorakılıqla yerli əhalinin əlindən alınıb. Qırımızıdərililər bu böyük cinayətlə bağlı məhkəmələrə müraciət etsə də, heç bir tədbir görülməyib.

ABŞ-da itlərin öldürülməsi qardərililərin qətlindən daha çox əks-səda doğurur

ABŞ-da irqi ayrı-seçkiliyin dövlət siyasəti olmasını təsdiq edən faktlardan biri də birbaşa Ağ Evə bağlı medianın bu siyasəti təşviq etməsidir. Məsələn, işsiz qaradərililərin sayının işsiz ağdərililərdən iki dəfə çox olduğunu yazan “Washington Post”, bunu qaradərilərin daha çox qeyri-normal, azğın həyat tərzi ilə izah edir. İnsan haqları faktoru üzərindən işğalçılıq siyasəti aparan ABŞ-da qardərililər hətta küçə itləri ilə müqayisə olunur. Texas ştatında vətəndaş hüquqları layihəsinin rəhbəri Cim Herinqtonun sözləri buna açıq sübutdur: “Austin məntəqəsində iki itin güllələnməsi hadisəsi bu məntəqədə iki qaradərilinin güllələnməsi hadisəsindən daha çox araşdırılıb və daha çox diqqət mərkəzində olub”.

Bu da Amerika, bu da insan haqlarını təbliğ edən ölkə. Təəssüf ki, bu gün ABŞ-ın dövlət siyasəti səviyyəsinə qalxan rasizm ictimaiyyətə də təsirsiz ötüşməyib. “Associated Press” agentliyinin 2012-ci il 28 oktyabr tarixində keçirdiyi sorğuya əsasən hazırladığı hesabat məsələ ilə bağlı dəhşətli faktları ortaya çıxarır. Hesabata əsasən, ABŞ-da ağdərililərin 51 faizi qaradərililərə nifrətini aşkar bildirib. 2008-ci illə müqayisədə bu göstərici 3 faiz artıb.

Göründüyü kimi, ABŞ-da rasizm getdikcə daha da güclənir. 2012-ci ildə Florida polisinin qaradərili gənc Troan Martini güllələməsi də buna əyani sübutdur. Məhz həmin hadisədən sonra, ABŞ-da irqi ayrı-seçkiliyə qarşı etiraz aksiyalarına start verildi.

Rasizmin dəstəklənməsi, yaxud Obama hakimiyyətə niyə gətirilib?

2014-cü il avqustun 9-da Ferqüssonda 18 yaşlı qaradərili gənc ABŞ polisi tərəfindən amansız şəkildə qətlə yetirildi. Buna etiraz olaraq, qaradərili insanlar etiraz aksiyalarına başladılar. Bir neçə ay davam edən aksiyalar dekabrın 2-də polis zorakılığı ilə yatırıldı.

2015-ci aprelin 25-də 26 yaşlı qaradərili gənc Freddi Qreyin polis tərəfindən qətlə yetirilməsinə etiraz olaraq, Merilend ştatının Baltimor şəhərində kütləvi aksiyalar başlandı. Bu etiraz da polis müdaxiləsi ilə yatırıldı. Lakin Ferqüsson və Baltimor hadisələri ABŞ-ın XXI əsr tarixinə anti-demokratik ölkə damğasını vura bildi.

“The Independent” qəzeti bu hadisələri “Amerikanın rüsvayçılığı” olaraq təqdim edib. ABŞ prezidenti Barak Obama da ölkəsində rasizmin şiddətləndiyini etiraf etmək məcburiyyətində qalıb. “Mən çox tez-tez ölkəyə “bir dəqiqəlik sükut” üçün müraciət edirəm. Bu yalnız bizim ölkə üçün xarakterikdir. Dünyada başqa elə bir inkişaf etmiş ölkə yoxdur ki, orda əhali insanların odlu silahdan kütləvi şəkildə qətlə yetirilməsi ilə barışsın və bunu normal hesab etsin”, - deyə prezidenti Obama vurğulayıb.

Halbuki, Keniya əsilli Barak Obama 2008-ci ildə ABŞ-ın prezident postuna seçiləndə amerikalılar kimi, dünya da düşünürdü ki, bu ölkədə rasizmə son qoyulacaq. Lakin Ferqüsson, Baltimor və ABŞ demokratiyasının iç üzünü göstərən bu kimi hadisələr məhz onun dövründə baş verdi.

Obamanın bu posta necə gəlib çatması haqda müxtəlif fikirlər var. Əsas ehtimallardan biri budur ki, məhz qaradərili prezidentin bacarıqsız siyasət yürütdüyünü “sübut etmək” üçün Obama bu posta gətirilib. Çünki Martin Lüter Kinqdən bəri ABŞ-ın qaradərili vətəndaşları bu ölkəyə rəhbərlik etmək iddiasında olub. Obamanın prezidentliyi də qaradərililərin bu iddialarını alt-üst etmək məqsədinə xidmət edir. Zak Qalizianakis adlı teleaparıcının Obamaya “Sonucu qaradərili prezident olmaq necə bir hissdir?” sualı bu ehtimalları artırır. Nəzərə alsaq ki, ABŞ prezidenti rotasiya qaydası ilə Demokratlar və Respublikaçılar arasından növbə ilə seçilir və seçicilərin iradəsini burada o qədər də rol oynamır, Obamanın bu posta gətirilməsi haqda iddialara aydınlıq gəlir. Obamanın qaranlıq keçmişi də şübhələri artırır. Belə ki, Keniya əsilli qaradərili prezident Havay adalarının vətəndaşı kimi qələmə verilib. Lakin indiyə qədər onun doğum şəhadətnaməsi haqda dəqiq fakt açıqlanmayıb. Publisist Endru Braytbartın Obamanın keçmişi barədə dəqiq sənədləri təqdim edəcəyi ilə bağlı açıqlamasından sonra Los-Ancelesdəki restoranda yeməkdən sonra qəfil ölməsi də diqqət çəkir.

Obamanın “Heç bir şübhə yoxdur ki, bəzi insanlar məni sevmirlər və qara dərili prezident ideyası onların xoşuna gəlmir” sözlərini çəkinmədən deməsi isə ABŞ-a ilk və sonuncu dəfə qaradərilinin rəhbərlik edəcəyi fikrini gücləndirir. Güman ki, 2016-cı ildə keçiriləcək növbəti prezidenti seçkilərində bu “nadir nümunəyə” son veriləcək. Bu, ABŞ-da prezidentlik postunun da rasizm siyasətinə alət edildiyi deməkdir...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR