Türban inqilabı (mı)? - TƏHLİL

Türban inqilabı (mı)? - <span style="color: red;">TƏHLİL
# 07 noyabr 2013 07:23 (UTC +04:00)

1. Azadlıq hansıdır: başı açmaq, yoxsa örtmək?

Konstitusiyasında “Dünyəvi, demokratik, sosial hüquq dövlətidir” maddəsi olan bir ölkə parlamentinin 4 qadın üzvü Həccdən qayıdandan sonra başlarını örtüb Məclisə gedir və bunu dünyaya “tarixi anlara şahid oluruq” - sözləriylə çatdırırlarsa, o ölkə dünyəviliyi tərk etmiş sayıla bilərmi?

Türkiyənin son 20 ilini “Baş örtüyü azadlıq, yoxsa cahillik simvoludur?” - mübahisələri içərisində keçirməsinin canlı şahidiyəm. Başı örtülü qızların ali məktəblərə qeydiyyatına qadağalar qoyulanda mərhum Nəcməddin Ərbakan “narahat olmayın, rektorlar o qızların qabağında salama duracaqlar” - sözlərini cəmiyyətin önəmli qisminin təbəssümlə və ironiya ilə qarşıladığını unutmamışam. Bunun əksinə, baş nazir olduğu dövrdə isə Ərbakanın türbanla bağlı hər hansı təkid və israrını xatırlamıram.

Müşahidələrim türban üzərindən açıq siyasətin Abdulla Gül tərəfindən 1998-də başladıldığını söyləməyimə imkan verir. Ankara Universitetində oxumağa haqq qazanmış başı örtülü xanımını qeydiyyata saldırmaq üçün universitetin tələbə qeydiyyatı şöbəsinə gedən dönəmin Kayseri millət vəkili və Avropa Şurası Parlament Assambleyasındakı Türkiyə nümayəndə heyətinin üzvü Abdulla Gül, rədd cavabı alandan sonra Türkiyəni Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmişdi. O vaxtdan başlayaraq hər cümə günü “türban aksiyaları” keçirən qız-qadınlar 2001-ci ilin yayında qurulan AKP-yə “ilham mənbəyi” olmuş, “başı örtülü bacımız” jarqonu 1,5 ildən sonra AKP-nin iqtidara gəlişinə həyati dərəcədə təkan versə də, birinci iqtidarı dönəmində (2002-2007) AKP “başı örtülü bacımız” məsələsini gündəmə gətirməyi məqsədəuyğun saymamışdı.

İqtidarının ilk dönəmini Avropa Birliyinə üzvlük islahatları ilə keçirən AKP, 22 iyul 2007-dəki seçkidə hakimiyyətini gücləndirəndən sonra növbəti 4 ildə ordunu “darmadağın etmək” və məhkəmələri öz nəzarəti altına almaq işləriylə məşğul olsa da, dünyəvi rejimin gələcəyi ilə bağlı narahatlıqlar özünü ciddi şəkildə ikinci dönəmdə göstərməyə başladı. İkinci Ərdoğan hökumətinin yenicə qurulduğu 2007-ci ilin sentyabrında İstanbul valiliyinə gələn mədəniyyət və turizm naziri Ərtuğrul Günaya APA adından bu sualı vermişdim: “Siz türk solunun fəlsəfəsiylə bağlı fikir yürüdən bir siyatəsçisiniz. Özgürlüklər tarixini araşdıranda başı örtmək yox, açmaq özgürlük rəmzi kimi qarşımıza çıxır. Məsələn, əhalisinin mütləq əksəriyyəti müsəlman olan Azərbaycanın paytaxtı Bakıda çadrasını atan “Azad qadın” heykəli var. O heykəlin eynisini və ya bənzərini İstanbulda və ya Türkiyənin hər hansı bir yerində qoymağı düşünürsünüzmü?”

Günayın cavabı: “Türkiyədə qadın özgürdür. Bizim məqsədimiz Atatürkün qadınlara verdiyi özgürlüyün sərhədlərini daha da genişləndirmək, onlara daha çox iş imkanları yaradıb, siyasət və mədəniyyət həyatında daha fəal olmalarını təmin etməkdir. Heykəl barədə ayrıca düşünəcəyəm”.

Ərtuğrul bəy suala soyuqqanlı şəkildə cavab vermişdi, ancaq o vaxt İstanbul valisi, bu gün daxili işlər naziri olan Müəmmər Gülərin sualdan çox narahat olduğunu bütün jurnalistlər görmüşdü.

12 iyun 2011-dəki seçkiylə başlayan üçüncü iqtidar dönəmini baş nazir Ərdoğan “ustalıq dönəminin iqtidarı” sözləriylə xarakterizə edərkən ölkənin yönələcəyi istiqaməti Nazirlər Kabineti üzvlərinin siyahısından təxmin etmək heç də çətin deyildi; məsələn, dünyəvi rejimin qatı düşməni olan professor Ömər Dinçərin milli təhsil naziri kreslosuna oturdulması təhsil sisteminin öz şturvalını radikal şəkildə dinə doğru döndərəcəyi şübhə doğurmurdu. (Qeyd: başqasının əsərini öz adına çap etdirib elmi dərəcə aldığına görə Ali Təhsil Qurumu 1995-də Ömər Dinçərin professor titulunu ləğv etmişdi. Eyni qurum 2008-də gizli şəkildə Dinçərin “professor” adını özünə qaytardı).

Nazir Dinçərin ilk işi 5 yaşındakı uşaqların məktəbə başlaması, ibtidai məktəblərdən başlayaraq din dərslərinin verilməsi, liseylərin çoxunun dini təmayüllü liseylərə çevrilməsiylə bağlı qanun layihəsini sürətlə hazırlayıb Məclisə təqdim etmək oldu. 2012-ci ilin sentyabrında 5 yaşı tamam olan uşaqların məktəbə getmə məcburiyyəti yaransa da, bir çox valideyn raport alaraq uşağını məktəbə göndərmədi; altı üstünə gətirilmiş təhsil sistemindəki xaosun içindən çıxıla bilməyincə Ömər Dinçər kreslosunu tərk etmək məcburiyyətində qaldı, yerinə gələn professor Nabi Avcı isə baş nazir Ərdoğanın tez-tez təkrarladığı “Dindar və kindar nəsil yetişdirəcəyik” - manifestinin tələbini hərfiyyən yerinə yetirmək üçün çırpınıb durur. Yəni əsas iş, kənardan göründüyü kimi, Məclisdə yox, məktəblərdə həyata keçirilməyə çalışılır...

2. Ecevit niyə haqlıydı?

18 aprel 1999-da keçirilmiş seçkidə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilən Mərvə Kavakçı andiçmə mərasiminə (yanında tanınmış jurnalist, İstanbul millət vəkili seçilmiş Nazlı Ilıcak vardı) başı örtülü gəldi. Demokratik Sol Partiyasının sədri Bülənt Ecevit kürsüyə çıxaraq “Bura dövlətə meydan oxuma yeri deyildir, lütfən bu qadına həddini bildirin” - sözləriylə sərt reaksiya nümayiş etdirəndən sonra Mərvə Kavakçı and içmədən Məclisi tərk etdi, daha sonra ABŞ vətəndaşı olduğunu gizlədiyinə görə Türkiyə vətəndaşlığından çıxarıldı. Əslində “Vatan”dan Reha Muxtarın da düzgün müşahidə etdiyi kimi, Ecevitin o vaxtkı sərt reaksiyası Mərvə Kavakçının Məclisdə başı örtülü şəkildə and içmə cəhdinə qarşı yox, Kavakçının və arxasında durub onu Məclisə göndərən (daha sonra arxasından qaçan) siyasətçilərin Məclisin iradəsinə “meydan oxuma” cəhdinə qarşı idi. Yoxsa o vaxt Məclisdə təmsil edilən 5 partiyanın bir araya gələrək millət vəkili seçilmiş bir qadının başı örtülü şəkildə and içməsi üçün əvvəlcədən razılıq əldə etməsinə Ecevit kimi demokrat və kimsənin geyim-keçiminə müdaxilə etməyən bir siyasətçinin razılıq verəcəyini təxmin etmək çətin deyildi. Başqa bir başı örtülü qadın - Milliyyətçi Hərəkat Partiyasından Antalya millət vəkili seçilən Nəsrin Ünalın başını açaraq and içməsini isə o vaxt Fəzilət Partiyasının Manisa millət vəkili olan Bülənt Arınç “bunlar baş örtüsü problemini öz millət vəkilinin başını açaraq həll etdilər” - sözləriylə lağa qoyduğu kimi, 2000-ci ilin ortalarında mənsub olduqları hərəkatdan ayrılıb daha sonra AKP-nin quran siyasətçilər baş örtüsünü öz siyasi düşüncə və aksiyalarının mərkəzi simvolu halına gətirmə fürsətindən eninə-uzununa istifadə etdilər. 2008-in yanvarında ali məktəblərdə türbanın sərbəst buraxılmasına dair AKP-nin Məclisə gətirdiyi qanun təklifinə MHP 4 əllə səs versə də (Məclisdən keçən təklif Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi), son 15 ildə türbanla bağlı bütün siyasi həmlələrin meyvəsini AKP toplamış oldu.

“Ustaliq dönəmi” hökumətinin heç tədavüldən çıxarmadığı yeganə mövzu din oldu: Türkiyənin 70 il əvvəlki keçmişini hədəf alan Ərdoğan və komandasının “ikinci prezident İsmət İnönü məscidləri axura çevirdi” - iddiasından tutmuş, iyunda Gəzi parkı hadisələri zamanı “Dolmabahçe məscidində pivə içildi” - sözlərinə qədər və böyük əksəriyyəti təkzib edilən iddiaları günlərlə iqtidarı qeydsiz-şərtsiz dəstəkləyən medianın səhifələrini bəzədi. Gündəlik həyata dini qaydaları montaj etmə işini sürətləndirən baş nazir Ərdoğan “başı örtmək dinimizin əmridir” - səpkili yüzlərlə açıqlaması ilə sanki özünü Allahın yerinə qoyur (tövbə-tövbə), müsəlmanların yaşayış tərzini formalaşdırmağın ona yuxarıdan gəlmiş vəhy olduğuna inanır. “Müsəlman qardaşlar”ın Misirdə hakimiyyətdə olduğu müddətdə isə bölgənin tamamilə islamlaşdırılmasına sanki Məhəmməd Mursiylə birlikdə cavabdeh olduğunu “Quran”ın Əl-İmran surəsinin 139-cu ayəsini oxuyaraq bu şəkildə deklarasiya edirdi: “Misir də, Türkiyə də, bütün bu coğrafiya da bu təməl prinsipi hər an hiss etmək, hər an ürəyimizdə, zehnimizdə daşımaq və xatırlamaq məcburiyyətindəyik. Biz - bu coğrafiyanın insanları - inanırıq və elə isə üstünük. Tam bir özümüzə güvən içində irəliləyəcəyik, tarixi təkrar məcrasına hamılıqla birlikdə qovuşduracağıq”. (17 noyabr 2012-də Qahirə Universitetindəki çıxışından). Bu sözlərdən anlaşılır ki, Tayyib Ərdoğan bölgəyə islami dəyərləri yenidən hakim qılmaq missiyasını “Müsəlman qardaşlar”ın lideriylə öz üzərinə götürübmüş, ancaq Misirdəki 3 iyul hərbi çevrilişi o planı səktəyə uğratsa da, Türkiyə baş naziri öz ölkəsində qəlbində gəzdirdiyi məramnaməni həyata keçirmək üçün hər cür addımı atmaqdan və toplumun bütün təbəqələrini islami həyat tərzində yaşamağa məcbur etmək üçün heç bir cəhddən çəkinmir. Millət vəkili kimi fəaliyyətləri sıfırın azacıq üstündə olan 4 qadın millət vəkilinin (sonra 5 oldu) Həcc ziyarətindən qayıdandan sonra 31 oktyabrda başlarını örtərək Məclisə gəlmələrinin ilhamvericisi də baş nazir Ərdoğandır.

3. Xomeynidən Abdurrahman Dilipaka, oradan da Salih Kapusuza

AKP-dən olan 4+1 qadın millət vəkilinin Həcc ziyarətindən sonra Türkiyə Böyük Millət Məclisinə başlarını örtərək gəlmələrini bir çox nöqtədən dəyərləndirənlər var; “Türkiyədə dünyəvilik bitdi”- şərhinin qarşısına “Türkiyə daha çox demokratikləşdi” - iddiasını qoyanların didişmələri cəfəng göründüyü qədər işin mahiyyətini (mənə görə) doğru baxış açısından analiz edə bilməmə durumu yaradır. 3 iyulda Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursinin hərbi çevrilişlə devrilməsinə dünya miqyasında ən sərt reaksiyanı göstərən Türkiyə baş naziri Ərdoğan, Misirdəki çevrilişi sentyabrın ortalarına qədər daxili siyasətin tədavülündə saxlayandan sonra məsələnin bir anda ölkə gündəmindən çıxması siyasi müşahidəçiləri müəyyən dərəcədə təəccübləndirsə də, bunun səbəbini təxmin etmək də çətin deyildir; 2014-cü il yaxınlaşır, martda bələdiyyə, yayda prezident seçkisi olacaq, ona görə də Tayyib bəyin “Müsəlman qardaşlar”ın lideri Məhəmməd Mursini öz halına buraxmaqdan başqa alternativi yox idi. Gəzi parkı hadisələrinə reaksiya olaraq İstanbul və Ankarada 2 mitinq keçirib cəmiyyətə “Məni dəstəkləyən 50%-in küçələrə çıxmasının qabağını çətinliklə alıram” - mesajı verən Ərdoğan, həm öz ideoloji düşüncələrini reallaşdırmaq, həm də seçici kütləsini öz ətrafında tuta bilmək üçün islami yöndəki söyləm və addımlarını daha da radikallaşdırdı. 4+1 AKP millət vəkilinin Həcc ziyarətindən sonra Məclisə başı örtülü göndərilməsinin altında, hər şeydən əvvəl, bu qayə yatır. Əmin ola bilərsiniz ki, 2015-ci ildə keçirilməsi planlaşdırılan növbəti parlament seçkisində AKP-nin göstərəcəyi qadın namizədlərin böyük əksəriyyəti (bəlkə də hamısı) başı örtülü olacaq. AKP-dən olan 4+1 qadın millət vəkilinin Məclisə başı örtülü girmələrini “devrim, yeni era, tarix yazmaq” kimi şərh edən tərəfdar medianın hökumətə verdiyi qazın dozasını yüksəltdiyini görürük; məsələn, “Akit” ın yazarı Mustafa Durdu “Qızlarla oğlanların təhsil yerlərinin ayrılmasını” hökumətdən tələb edir. Türban vasitəsilə xeyli məsafənin qət edildiyi bu proses sürətlə davam edəcək və çox da uzaq olmayan bir gələcəkdə (30 mart 2014-dəki bələdiyyə seçkisinin nəticələri gözlənilə bilər) İran islam inqilabının lideri Xomeyninin “Mənim üçün başını örtməyən qadınla ümumi ev qadını arasında heç bir fərq yoxdur” - tərzindəki fətvanı islamçı yazarlar Abdurrahman Dilipak və Ali Bulaçdan, daha sonra isə, məsələn, AKP sədrinin müavini Salih Kapusuzdan eşidə biləcəyik. İrandakı islam inqilabı xalqa dişini məhz Xomeyninin o fətvasından sonra göstərməyə başlamışdı.

2015-ci ildəki parlament seçkisində Süməyyə Ərdoğanın da Məclisə girəcəyinə əmin ola bilərsiniz, AKP-nin başı örtülü namizədlər kütləsinə onun liderlik edəcəyi şübhə doğurmur. Bəlkə AKP 2015-dəki seçkiyə Süməyyə Ərdoğanın liderliyində gedəcək? AKP-dən olan 4+1 qadın millət vəkilinin 31 oktyabrda Məclisə başı örtülü gəlməsinin səbəblərindən biri də Tayyib bəyin öz varisini işarə etmə niyyəti yata bilərmi? Fikrimcə, məqsədlərdən biri də budur.

Tayyip Ərdoğan Türkiyənin Bənazir Bhuttosunu yetişdirmişdir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR