Prezident İlham Əliyevin “2018-ci ilin yay diplomatik həmlələri” - TƏHLİL

Prezident İlham Əliyevin “2018-ci ilin yay diplomatik həmlələri” - TƏHLİL
  • Clock-gray 05:48
  • calendar-gray 22 İyul 2018

 “İkitərəfli” münasibətlər “çoxtərəfli”dən öndə

 

Azərbaycan prezidentinin Fransa səfərinin bir neçə mühüm aspekti var. Hər şeydən əvvəl Fransa Avropa İttifaqının (Aİ) indi Almaniya və İtaliya ilə yanaşı üç mühüm üzvündən biri, həm də siyasi lideridir. Odur ki, Azərbaycan prezidentinin bu səfəri Aİ–Azərbaycan münasibətləri baxımından əhəmiyyətlidir. Ancaq Aİ-Azərbaycan münasibətlərində iki mühüm əhəmiyyətli səviyyə var: birinci, üzv dövlətlərlə “ikitərəfli” münasibətlər səviyyəsi və ikinci, üzv dövlətlərlə “çoxtərəfli münasibətlər səviyyəsi”.

Prezident İlham Əliyevin Aİ ilə ikitərəfli münasibətləri daha üstün tutma siyasəti mühüm strateji əhəmiyyətlidir. Bu strategiya Avropa İttifaqı daxilindəki “daha dərin federallaşma” və “fövqəldövlətə çevrilmə” tendesiyasından doğa biləcək siyasi risqləri azaldır. Belə risqlər isə var. Məsələn, Avropa İttifaqında belə potensial risqlərin olması haqda 50-ci illərin sonu, 60-cı illərin əvvəlində Uinston Çörçil, 90-cı illərin sonu və 2000-ci illərin əvvəlində Marqaret Tetçer xəbərdarlıq ediblər. İndi isə “Brexit” siyasəti Aİ daxilində belə risqlərin artmasının nəticəsidir.

Odur ki, Azərbaycanın artıq onilliklərdir ki, “ikitərəfli münasibətləri”  daha həvəslə dərinləşdirmə xətti tarixi və nəzəri baxımdan əsaslandırılmış bir strateji yanaşmadır. Tutarlı tarixi və nəzəri əsaslandırmalar isə həmişə iqtisadi, siyası və təhlükəsizlik aspektlərinin dəqiq hesablanmasına söykənir. İndi prezident İlham Əliyevin Fransaya səfəri də ilk növbədə Aİ ilə daha konkret hədəfləri, konkret gəlir-çıxarı bəlli olan “ikitərəfli münasibətlər” siyasətinin davamıdır. “Çoxtərəflilik”də belə konkretlik demək olar ki, azdır. Xüsusilə də İtaliya prezidentinin Azərbaycana səfərindən sonra Fransa səfəri dəqiq düşünülmüş bir strategiyanın mövcudluğunu ortaya qoyur.

 

 

Avropanın “siyasi lideri”

 

Azərbaycan prezidentinin Fransa səfərində ikinci mühüm amil geosiyasi amildir. Almaniya Aİ-nin iqtisadi, Fransa isə siyasi lideridir. Deməli, Fransa Aİ-nin siyasi mövqeyinə ciddi təsiri olan ölkədir. E.Makronun Vaşinqtona səfəri, D.Trampın da Parisə səfərləri göstərir ki, ABŞ da Fransanı Aİ-də mühüm tərəfdaş olaraq görür. Yeri gəlmişkən, Türkiyə və Britaniyanın da mövqeyi buna yaxındır. Odur ki, Fransanın Aİ daxilində siyasi nüfuzunun daha da artacağını asanlıqla proqnozlaşdırmaq olar. İndi Azərbaycanın bu dövlətlə əlaqələri yeni səviyyəyə qalxmış oldu. Həm də əsası iqtisadi səmərə üzərində qurulmuş, deməli, çox möhkəm bir siyasi əlaqə yaranmış oldu.

 

 

Ermənistanın “Avropa planı” neytrallaşdı

 

Fransa ilə münasibətlərin daha bir  istiqaməti təbii ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlıdır. Ermənistanda Nikol Paşinyanın “süni inqilab”la hakimiyyətə gətirilməsi işğalçı qonşunun yeni iqtisadi, siyasi həmlə hazırladığını göstərir. Ermənistan guya “demokratik ölkə” olması və “Avropaya yaxın ölkə” imicini formalaşdırmağa aktiv girişib. Məqsəd Rusiyadan ala bilmədiyi iqtisadi dəstəyi Avropa və ABŞ-dan almaq, Qarabağ münaqişəsi ətrafında daralan ilgəyi Avropanın vasitəsilə bir qədər boşaltmaqdır. Avropada isə onun dayağı Fransadır. Azərbaycan prezidentinin səfəri “Ermənistanın Avropa həmləsi”ni neytrallaşdırdı. Ona görə ki, bu ölkənin ən aparıcı iqtisadi gücləri, dünya miqyaslı şirkətlərin rəhbərləri prezident İlham Əliyevlə görüşdə Azərbaycana xüsusi maraqlarını ifadə etdilər. Bu şirkətlər elə Fransa iqtisadiyyatının özü deməkdir. Deməli, onların artıq iqtisadi cəlediciliyi olmayan Ermənistanla böyük iqtisadi potensialı olan Azərbaycan arasında seçim anında kimin tərəfində olacaqları bəllidir.  Bu baxımdan Azərbaycanın İtalya və Fransa ilə bağlı “2018-ci ilin yay Avropa həmləsi” daha effektlidir.

 

İqtisadi maraqlar öndə

Fransa çox böyük iqtisadi transformasiya ərəfəsindədir. İlham Əliyevin Fransa səfərinə siyasi maneələr yaratmaq istəyənlər həm qlobal, həm Avropa daxili, həm də Fransanın öz daxilində gedən prosesləri untmuşdular. Elə buna görədir ki, bəzi dairələrin canfəşanlığına baxmayaraq, başda prezident Macron olmaqla heç bir fransız siyasi lideri siyasi təzyiq xarakterli bəyanat vermədi. Fransa başqa daha böyük hədəflərə istiqamətlənib.

Makron liberal islahatlar platforması ilə prezident seçilib. Onun başlıca hədəfi tarixən sosial ideyaların güclü olduğu Fransada liberal iqtisadiyyat qurmaqdır. Siyasi populizmdən uzaq, daxili siyasi risqlərlə zəngin olan bu platforma isə güclü iqtisadi tərəfdaşların olmasını tələb edir. Azərbaycan məhz belə bir tərəfdaşdır: İqtyisadiyyatı artım nümayiş etdirir və yaxın iki ildə artım tempi daha da yüksələcək, Avropa bazarına öz qazı ilə daxil olacaq. Fransanın neft və qaz şirkətləri də daxil olmaqla ən iri şirkətləri Azərbaycana maraq göstərirlər. Makron onların maraqlarını ifadə etməklə özünün siyasi dayaqlarını gücləndirmiş olur, həm də Fransa iqtisadiyyatını varlı tərəfdaşlarla gücləndirməyə çalışır. Bu da nəzərdə tutduğu islahatları irəli aparmaq üçün gənc prezidentə çox vacibdir. Fransaya məhz Azərbaycan kimi iqtisadi səmərəli tərəfdaş lazımdır, Ermənistan kimi əvəzsiz pay uman “tənbəl qohum” deyil. Məhz belə bir tarixi, siyasi məqamda Fransa səfəri və iqtisadi planların irəli sürülməsi düzgün hesablanmış strategiyadır və o səmərəli oldu. Prezidentin Fransa səfərində iqtisadi amil dominantlıq təşkil etdi və ortada konkret anlaşmalar var. İki ölkə arasındakı anlaşmaların 2 milyardlıq həcmi artıq münasibətlərdə yeni mərhələdir. Azərbaycan Fransaya çox lazımdır. Fransa da Azərbaycana.

 

Yeni danışıqlara daha güclü mövqe ilə

İtaliya prezidentinin Azərbaycana səfəri, daha sonra Azərbaycan prezidentinin Fransa səfəri Azərbaycanın nüfuzunu möhkəmləndirdi və bundan sonrakı dövrdə olacaq hər hansı danışıqlarda mövqeyini xeyli gücləndirdi. Bu sıraya Türkiyə prezidenti R.T.Ərdoğanın birinci səfərini Azərbaycana etməsi, ABŞ prezidenti Trampın son aylardakı məktublarındakı bəyanatlar və nəhayət, prezident İlham Əliyevin Brüssel səfəri 2018-ci ilin yayındakı diplomatik fəallığı öz intensivliyi və miqyasına görə “diplomatik həmlələr” kimi xarakterizə etmək olar. Bu həmlənin siyasi nəticələri hələ özünü göstərəcək.

 

 

İbrahim Məmmədov

Tarix üzrə fəlsəfə doktoru

 

 

İbrahim Məmmədov

Digər xəbərlər

Arxiv

date