Yavuz Mildon: “Bələdiyyələrin inkişafını istəyiriksə, onların maliyyə sərbəstliyini tanımalıyıq” - MÜSAHİBƏ

Yavuz Mildon: “Bələdiyyələrin inkişafını istəyiriksə, onların maliyyə sərbəstliyini tanımalıyıq” - <font color=red>MÜSAHİBƏ</font>
# 02 dekabr 2008 20:22 (UTC +04:00)
- Azərbaycanda yerli demokratiyanı necə qiymətləndirirsiniz?

- Mən Azərbaycanda yerli demokratiya nöqteyi-nəzərindən önəmli və müsbət irəliləyişlərin olduğuna inanıram. Avropa Şurasının belə bir qaydası var. Üzv ölkələrlə əməkdaşlıq etmək üçün orada bələdiyyə birliklərinin yaradılması lazımdır. Bizim gerçək vəzifəmiz bələdiyyə birlikləridir. Bu birlik deyiləndə yerli özünüidarə orqanlarının və məhəllə bələdiyyələrinin bir araya gələrək yaratdıqları birliklər nəzərdə tutulur. Son bir neçə ilə qədər Azərbaycanda belə örnək yox idi. Lakin indi Azərbaycanda Yerli Özünüidarəetmə Orqanları Assosiasiyaları var. Biz indi Azərbaycanla bu sahədə rahat əməkdaşlıq edə bilirik. Ədliyyə Nazirliyi ilə yaxın əlaqələrimiz var. İndi Azərbaycan bu sahə ilə bağlı təkcə öz ölkəsində deyil, həm də Avropadakı digər demokratikləşmə mərhələsində olan ölkələrə də örnək ola bilir. Qəbul edilən yeni qanunlar Azərbaycanda yerli idarəetmə orqanlarının daha da inkişafına xidmət edir. Bu sahədə Azərbaycanın Avropa Şurası standartlarına uyğunlaşacağına tam inamım var.
Azərbaycanın yerli idarəetmədə ən böyük problemi torpaqlarının işğal altında olmasıdır. Bu fakt Avropa Şurası tərəfindən də qəbul edilib. İşğal olunmuş ərazilərdə təbii olaraq Azərbaycan yerli özünüidarəetmə orqanlarından danışmaq mümkün deyil. Azərbaycanın 25 faiz ərazisində yerli idarəetmə orqanlarının olmaması bizi də narahat edir. Bu məsələnin həlli ilə bağlı həm Avropa Şurası, həm də Konqres lazımi dəstəyi verməyə hazırdır.

- Bakı merinin seçki ilə müəyyənləşməsi ilə bağlı təkliflərə münasibətiniz necədir?

- Hər bir ölkənin spesifik xüsusiyyətləri var. Bu, yalnız Azərbaycana aid deyil. Məsələn, Hollandiyada merləri kraliça təyin edir. Mühüm olanı ümumi idarəetmə prinsiplərinin Azərbaycanın da imzaladığı beynəlxalq sənədlərə uyğun olmasıdır. Mən konkret detallar barədə çox danışmaq istəmirəm. Çünki belə məsələlərlə bizim məruzəçilər və institusional komissiya məşğul olur. Avropa Şurası bu məsələdə ortaya çıxacaq hər cür şikayətə açıqdır.

- Azərbaycanda yerli demokratiyanın vəziyyətinə dair hesabat hazırlanırmı?

- Hazırda Azərbaycanla bağlı heç bir hesabat hazırlamırıq. Biz bəzi ölkələrlə bağlı hesabatlar hazırlayırıq. Lakin bu hesabatlar şikayət olarkən hazırlanır. Bizim hesabatlar adətən seçki dövrünə təsadüf edir. Azərbaycanda 2009-cu ildə keçiriləcək növbəti bələdiyyə seçkiləri zaman Milli Məclisin dəvəti ilə Konqresin nümayəndə heyəti ölkəyə səfər edəcək və seçki prosesini izləyəcək.

- Azərbaycan yerli idarəetmə sahəsində hansı sahələrə daha çox diqqət yetirməlidir?

- Azərbaycanda yerli özünüidarə sahəsi çox yenidir. Buna görə də bütünlüklə bu sahəyə diqqət yetirilməlidir. Avropada artıq orta hesabla görülən işlərə xərclənən büdcənin 70 faizini yerli özünüidarə orqanları həyata keçirir. Xüsusi olaraq, bələdiyyələrin maliyyə müstəqilliyi məsələsi üzərində dayanmaq lazımdır. Yerli özünüidarə orqanlarının inkişaf etməsini istəyiriksə, onların maliyyə sərbəstliyini tanımaq lazımdır. Əgər maliyyə mərkəzdən göndərilən pullarla formalaşırsa, o zaman bələdiyyə yalnız hökumətin bir təmsilçisi funksiyasını daşıyır. Təbii ki, bu, bələdiyyənin bütün sahələrə nəzarət etməsi anlamına gəlmir. Əsas odur ki, maliyyə müstəqilliyi Avropa Şurasının Yerli Özünüidarə Xartiyasında və digər sənədlərdə təsbit edilmiş qaydalara uyğun olsun. Amma təbi ki, bu qaydaların tətbiqində hər bir ölkənin yerli və milli xüsusiyyətləri də nəzərə alınmalıdır. Gələcəkdə bizim Azərbaycan və digər ölkələrdə görəcəyimiz işlər mümkün qədər yerli idarəetmə orqanlarının müstəqil maliyyə imkanları qazanmasına yardım etməkdir.

- Azərbaycana səfəriniz nə vaxta planlaşdırılır?

- Dəqiq tarix deyə bilmirəm. Amma səfər 2009-cu ilin yazına təsadüf edəcək. Bu səfər təkcə Azərbaycana deyil, digər Cənubi Qafqaz ölkələrinə də olacaq. Artıq Ermənistan və Gürcüstandan da dəvət almışam. Amma ən qısa zamanda qardaş Azərbaycana səfər etmək istəyirəm.

- Bu gün Gürcüstanla bağlı Konqresdə qətnamə layihəsi qəbul edildi. Ümumilikdə, müzakirələrin nəticəsini necə qiymətləndirirsiniz?

- “Gürcüstan və Rusiya arasında münaqişənin yerli səviyyədə nəticələri: Avropa yerli özünüidarə orqanlarının yardımı” adlı qətnamə yekdilliklə qəbul edildi. Əlbəttə, gürcü və rus nümayəndələrinin razı qalmadığı məqamlar da oldu. Təbii ki, bizim məmnun olmadığımız məqamlar ola bilər, əsas olanı sonda sənədin səs çoxluğu ilə qəbul edilməsidir. Bu da Avropa Şurasının uğurudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR