Bakıda “HİV-AİDS-in profilaktikasında zərərin azaldılması” mövzusunda konfrans keçirilib

Bakıda “HİV-AİDS-in profilaktikasında zərərin azaldılması” mövzusunda konfrans keçirilib
# 03 dekabr 2008 11:56 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakıda “HİV-AİDS-in profilaktikasında zərərin azaldılması” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin və Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun təşkilatçılığı ilə baş tutan konfransda bildirilib ki, hazırda Azərbaycanda HİV-in profilaktikası xidmətlərinin genişləndirilməsinə və bu xidmətlərin ictimai səhiyyə sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməsinə ehtiyac yaranıb. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin milli koordinatoru Arzu Quliyevanın sözlərinə görə, hazırda ölkədə HİV daşıyıcılarının 70 faizə qədərini venadaxili narkotik istifadəçiləri təşkil edir: “Bu gün zərərin azaldılması narkotik istifadəçiləri arasında HİV və hepatitlərin profilaktikasının ən effektiv yoludur. Zərərin azaldılması adlanan tədbirlər toplusu HİV-in profilaktikası üçün böyük əhəmiyyət daşıyır. Bu strategiyaya steril şprislərlə təminetmə, əvəzləyici müalicə, məlumatlandırma, reabilitasiya, profilaktika və başqa tədbirlər daxildir”.
Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə bildirib ki, 1996-cı ildə qəbul edilən “AİDS haqqında” qanuna əlavə və dəyişiklər ediləcək. Qanunda Zərərin azaldılması Proqramı, AİDS-li xəstələrin sosial problemləri və cəmiyyətə inteqrasiyası yolları da öz əksini tapacaq.
Konfrans iştirakçıları adından Milli Məclisə və əlaqədar nazirliklərə Zərərin Azaldılması Proqramının tətbiq dairəsinin genişləndirilməsi üçün müraciət qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR