Almaniyalı mütəxəssislər pensiya sığorta sistemi ilə bağlı Azərbaycanda daha bir seminar keçirib

Almaniyalı mütəxəssislər pensiya sığorta sistemi ilə bağlı Azərbaycanda daha bir seminar keçirib
# 18 avqust 2009 11:47 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu gün Sumqayıtda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkil etdiyi 10-cu seminar işini başa vurub.

DSMF-dan «APA-Economics»ə verilən məlumata görə, seminar iki qurum arasında imzalanmış 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsini nəzərdə tutan saziş çərçivəsində keçirilib.

Seminarda Bakıda səfərdə olan Almaniya Pensiya Sığortası İdarəsi hüquq şöbəsinin müdiri May Rüdiger «Almaniyada sosial məhkəmələrin aparılması və alman pensiya sığortası sisteminin maraqlarının sosial məhkəmədə təmsil olunması» mövzusunda geniş təqdimatla çıxış edib. Tədbirdə sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının yığımı sahəsində hüquqi tənzimləmə mexanizmləri, bu sahədə mövcud qanunvericilik və s. məsələlər müzakirə olunub, bu sahələrdə hər iki ölkənin təcrübəsi öyrənilib.

Qeyd edək ki, bu günə kimi müxtəlif mövzulu 5 seminar Berlində, 4 seminar isə Bakı şəhərində təşkil olunub.

Xatırladaq ki, DSMF-nin nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı bu qurumlar arasında ikitərəfli saziş imzalanıb və həmin sənəd çərçivəsində tərəflərin nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, birgə seminarların təşkili davam edir. Bu günə kimi Almaniyada və Azərbaycanda keçirilmiş müxtəlif görüşlərdə sosial sığorta haqlarının toplanmasında işəgötürənlər üzərində nəzarət, sığorta olunanların fərdi uçotu, pensiya təyinatı üzrə qurumların fəaliyyəti, mətbuat və ictimaiyyətlə iş, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası, insan resurslarının idarə edilməsi, aktual hesablamaların tədqiqi və s. məsələlər müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR