İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda yaşayış minimumu iyulda adambaşına 119 manat təşkil edib

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda yaşayış minimumu iyulda adambaşına 119 manat təşkil edib
# 19 avqust 2009 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı çərçivəsində Azərbaycanın 11 regionunda 2009-cu ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələri əsasında ölkə üzrə minimum istehlak səbətinin dəyərini hesablayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, hesablamalara əsasən, iyul ayında Azərbaycanda yaşayış minimumu adambaşına 119 manat təşkil edib. O cümlədən, əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 131,83 manat, pensiyaçılar üçün 100,63 manat, 0-15 yaşlı uşaqlar üçün isə 124,54 manat olub.

İyulda adambaşına düşən minimum xidmət haqqı əmək qabiliyyətli əhali üçün 24,88 manat, pensiyaçılar üçün 22,76 manat, 0-15 yaşlı uşaqlar üçün 16,37 manat, ərzaq xərcləri müvafiq olaraq 78,85 manat, 62,02 manat və 83,15 manat, qeyri-ərzaq xərcləri isə 28,1 manat, 15,85 manat və 25,02 manat təşkil edib.

Qeyd edək ki, İTM-in ekspertləri istehlak səbətinin dəyərini Nazirlər Kabinetinin son qərarı ilə müəyyənləşmiş normativlər əsasında hesablayıblar.

Xatırladaq ki, 2008-ci ilin noyabr ayında Milli Məclis «Azərbaycanda 2009-cu il üçün yaşayış minimumu haqqında» qanun layihəsini təsdiqləyib. Sənədə əsasən, cari il üçün ölkədə yaşayış minimumu adambaşına 84 manat, o cümlədən, əmək qabiliyyətli əhali üçün 92 manat, pensiyaçılar üçün 65 manat, uşaqlar üçünsə 69 manat səviyyəsində nəzərdə tutulub. Cari ilin aprelin 30-da isə Nazirlər Kabineti «Azərbaycanda minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında» 2005-ci il 23 iyun tarixli qərarına dəyişiklik edib və minimum istehlak səbətinin tərkibi dəyişdirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR