Aİ və BMT İP Cəlilabada media-tur təşkil edib - FOTO

Aİ və BMT İP Cəlilabada media-tur təşkil edib - FOTO
# 25 may 2022 15:35 (UTC +04:00)

Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (İP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinə (PTT) media-tur təşkil edib.

APA-nın xəbərinə görə, media-turun məqsədi peşə təhsili mərkəzləri haqqında məlumatlılığı artırmaq, o cümlədən peşə təhsilinin hər kəs üçün müvafiq təhsil imkanlarından biri kimi uğurlu təqdimatına kömək etmək olduğu bildirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko, BMT İnkişaf Proqramının (İP) Rezident nümayəndəsinin müavini Çaru Bista, mətbuat nümayəndələri, o cümlədən cəlilabadlı gənclər və müəllimlər, özəl sektor rəhbərləri də daxil olmaqla 70-ə yaxın şəxs iştirak edib.

Tədbir zamanı iştirakçılar mebel sənayesi üzrə ixtisaslaşmış özəl sektor şirkəti olan “Woodpecker” şirkətinə baş çəkib, Peşə Təhsili üzrə ikili təhsil proqramımız çərçivəsində təşkil olunmuş şirkətdaxili təlimlərdə iştirak edən tələbələrlə görüblər.

Heyət Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində də olub, müəllim və tələbələrlə görüşlər keçirib, ustad dərslərinə qoşulublar. Ziyarətçilər, həmçinin regionlarda PTT məzunları olan qadın və kişilər üçün karyera perspektivlərindən danışıb və tələbələrin karyera seçiminə dəstək olmaq məqsədi ilə layihənin dəstəyi ilə tezliklə bu PTT müəssisəsində yaradılacaq karyera mərkəzinin rolunu müzakirə ediblər.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə dövlət-özəl sektor tərəfdaşlığına həsr olunmuş dəyirmi masa təşkil olunur. Kənd təsərrüfatı, quşçuluq, mebel, tekstil və qonaqpərvərlik xidmətləri sahəsində fəaliyyət göstərən 15-ə yaxın özəl sektor şirkəti tələbələrin qiymətləndirilməsində, kurikulumların yeniləşdirilməsində və yeni maliyyələşdirmə mexanizmlərinin tətbiqində işəgötürənlərin rolunu müzakirə ediblər. Şirkətlər, həmçinin ölkədə peşə təhsili sahəsində layihə ilə yaxın vaxtlarda aktivləşdiriləcək Məsləhət şuraları vasitəsilə təhsil təminatçıları ilə gələcək əməkdaşlıq imkanlarını vurğulayıblar.

Qeyd olunub ki, bu aksiyaların məqsədi peşə təhsili müəssisələrinin cəlbediciliyini və onların əmək bazarının tələblərinə uyğunluq səviyyəsini genişləndirməkdir. Bundan əlavə, bu təbliğat addımları peşə təhsilinin sosial və iqtisadi əhəmiyyətini və gələcək perspektivlərini göstərməklə onun görünürlüğünü artırmaq məqsədi daşıyır.

Media-tur ikitərəfli görüşlərlə başa çatıb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR