Biomüxtəlifliyin mühafizəsi ilə bağlı milli seminar keçirilib

Biomüxtəlifliyin mühafizəsi ilə bağlı milli seminar

© APA | Biomüxtəlifliyin mühafizəsi ilə bağlı milli seminar

# 08 dekabr 2021 10:58 (UTC +04:00)

“Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: İdərəetmənin təkmilləşdirilməsi yolu ilə Azərbaycanın xüsusi mühafizə olunan ərazilər sisteminin gücləndirilməsi” layihəsi üzrə ilkin milli seminar keçirilib.

APA-nın məlumatına görə, layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Qlobal Ekologiya fondu tərəfindən təşkil olunub.

Seminarda çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması xidmətinin direktoru Firudin Əliyev bildirib ki, təbii sərvətlərin qorunması və davamlı istifadəsi XXI əsrdə dövlətin prioritet sahələrindəndir. Onun sözlərinə görə, xüsusi mühafizə olunan ərazilərin yaranması biomüxtəlifliyin qorunması istiqamətində vacib addımlardan biridir: "Biomüxtəlif komponentlərin azalması istiqamətində ictimaiyyətin bu məsələlərə qoşulması əsas məsələlərdəndir. Ekoloji turizmin inkişafı, milli parklarda kənar təsirlərin azaldılması layihənin qarşısında duran məqsədlərdəndir. Layihənin təbiətinin üçün faydalı olacağına inanıram".

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəsinin köməkçisi Bariz Mehdiyev isə qeyd edib ki, FAO Azərbaycandakı nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə əməkdaşlıq çərçivəsində layihələr həyata keçirir: "Prioritetlər üzrə müxtəlif layihələr hazırlanır və icrasına başlanılır. Layihənin ideyası 2018-ci ildən ETSN-in digər layihələri ilə əməkdaşlıq çərçivəsində ortaya çıxıb. Sonra işlərə başladıq. Layihələrin icrasında hər tərəfin maraqlarını nəzərə alıb icrasını həyata keçirilməsini prioritet hesab edirik. Ümid edirəm ki, bu layihə uğurla olacaq və ölkənin inkişafı üçün kiçik də olsa öz töhfəsini verəcək.

Sonra FAO-nun layihə meneceri Şahin İsayev layihə barədə məlumat verib. O qeyd edib ki, layihənin ümumi büdcəsi 2.6 milyon dollar həcmindədir: "Layihə Qlobal Ekologiya Fondu və Azərbaycan hökuməti tərəfindən maliyyələsdirilib. Layihə pilot olaraq Şirvan və Hirkan milli parklarında həyata keçirilir. Mühafizə olunan ərazilərin strukturunun yaxşılaşdırılması, təkmilləşdirilməsi nəzərdə tutulur".

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Biomüxtəlifliyin Mühafizəsi departamentinin direktor müavini Rəşad Allahverdiyev təqdimatla çıxış edib. O qeyd edib ki, ölkə ərazisinin 893 min hektarı xüsusi mühafizə olunan ərazilərdir, bu da ölkə ərazisinin 10.31 faizini təşkil edir: "44 günlük müharibədən sonra yeni perspektivlər açılıb. İşğaldan azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan ərazilərin yaradılması və statusunun dəyişdirilməsi ilə bağlı qarşımızda müəyyən tələblər qoyulub".

Seminar təqdimatlar və sual-cavab şəklində davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR