Deputat: “Paşinyanın Soçidə bəyanata imza atması Ermənistanın Zəngəzur dəhlizinin açılmasının vacibliyini qəbul etdiyini göstərir”

Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

© APA | Məlahət İbrahimqızı, Milli Məclisin deputatı

# 27 noyabr 2021 12:59 (UTC +04:00)

“Şanlı Zəfərdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev artıq münaqişənin həllini tapdığını bəyan etmişdi. Noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin imzaladığı bəyanatda Qarabağ ifadəsinin olmaması da bu aspektdə Azərbaycanın haqlı və qətiyyətli mövqeyinin birmənalı qəbul edilməsi deməkdir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, Azərbaycan Prezidentinin Zəfərdən sonra bəyanatlarında, müsahibələrində, ikitərəfli görüşlərdə, beynəlxalq platformalarda çıxışlarında vurğuladığı kimi, hazırda əsas aktual məsələlər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, Zəngəzur koridorunun ən qısa zamanda fəaliyyətə başlaması və sülh sazişinin tezliklə imzalanmasıdır: “Azərbaycanın bu haqlı və rasional mövqeyi artıq dünyada birmənalı dəstəklənməkdədir. Hətta Avropa İttifaqı ilə bərabər Ermənistanı hər zaman dəstəkləyən, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Fransa da sərhədlərin delimitasiya və demarkasiyasına başlanmasının zəruriliyini bəyan edir. Digər tərəfdən, regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası da bütün beynəlxalq platformalarda dəstəklənir. Buna görə də dünən beynəlxalq ictimaiyyətin və dünya mətbuatının diqqəti Soçi görüşünə yönəlmişdi. Vladimir Putun də görüşdə həm delimitasiya və demarkasiya məsələsinin həllini tapmasının zəruri olduğunu vurğuladı, görüşdən sonra mətbuata bəyanatda isə Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası mexanizmlərinin bu ilin sonuna kimi yaradılacağını açıqladı. Bu isə həm də Ermənistanın indiyə qədər sərhəddə törətdiyi təxribat əməllərinin qarşısının alınması, davamlı sülhün bərqərar olması istiqamətində mühüm addımdır. Bu vaxta qədər Ermənistanın təxribatlarının qarşısını qətiyyətlə almış Azərbaycan diplomatik müstəvidə də düşməni məğlub edərək delimitasiya və demarkasıyanın həyata keçirilməsi üçün mexanizm yaradılmasını təmin edir. Bu, hüquqi müstəvidə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına da son qoyacaq. Eyni zamanda bəyanat Ermənistandakı revanşist qüvvələrə də böyük zərbədir. Digər tərəfdən, bəyanatda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılığa gəlindiyi qeyd olunur. Bu istiqamətdə Rusiyanın vasitəçiliyinin xüsusi əhəmiyyət daşıdığı bir reallıqdır. Çünki sərhədlərin delimitasiya və demarkasiyası tarixi sənədlər, beynəlxalq hüquq çərçivəsində aparılmalıdır və hər kəs də bilir ki, son 200 ildə mövcud olan bütün tarixi sənədlər Rusiya arxivindədir”.

Deputat qeyd edib ki, üçtərəfli görüşün yekununda qəbul edilən bəyanatda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş İşçi Qrupun fəaliyyəti yüksək qiymətləndirilir, regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin vacibliyi qeyd olunur: “10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata, o cümlədən 11 yanvar 2021 tarixli üçtərəfli bəyanata baxmayaraq, indiyə qədər Azərbaycanla Naxçıvan arasında kommunikasiya bərpa olunmayıb, Zəngəzur dəhlizi açılmayıb. Bunun səbəbi Ermənistanın müxtəlif bəhanələrlə üzərinə düşən öhdəliyi icra etməkdən yayınmasıdır. Dünən üçtərəfli görüşdən sonra isə Rusiya Prezidenti bildirdi ki, iqtisadi xarakterli məsələlər, iqtisadi əlaqələrin inkişafı barədə çox ətraflı söhbət ediblər, birinci addım kimi nəqliyyat dəhlizlərinin açılması barədə danışıblar. Bu, həm dəmir yoluna, həm də avtomobil yollarına aiddir. Xeyli müddət ərzində bu məsələ üzərində işləyən Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinə təşəkkür edən Vladimir Putin gələn həftə üç ölkənin baş nazirlərinin müavinlərinin Moskvada görüşəcəklərini nəzərə çatdırdı. Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatında dəhliz ifadəsini işlətməsi Zəngəzur dəhlizi layihəsinin Rusiya tərəfindən dəstəkləndiyini bir daha təsdiqlədi. Beləliklə, bu bəyanatın qəbulu ilə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərar qəbul olundu. Başqa sözlə, Nikol Paşinyanın Soçidə bəyanata imza atması artıq Ermənistanın da Zəngəzur dəhlizinin açılmasının vacibliyini qəbul etdiyini göstərir”.

M. İbrahmqızı Soçi görüşü və qəbul olunan bəyanatın Ermənistanın artıq ölü quruma çevrilmiş ATƏT-in Minsk qrupunu yenidən fəallaşdırmaq planlarına da böyük zərbə olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR