Emin Əmrullayev: "Sertifikasiyaya dəvət edilən müəllimlərin 97 faizindən çoxu imtahanlarda iştirak edib"

Emin Əmrullayev: "Sertifikasiyaya dəvət edilən müəllimlərin 97 faizindən çoxu imtahanlarda iştirak edib"
# 01 sentyabr 2022 17:04 (UTC +04:00)

Elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında iştirak edən müəllimlərə təşəkkür edib.

APA xəbər verir ki, nazir təşəkkür videosunda bildirib ki, son 3 gün ərzində Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq ibtidai sinif müəllimləri plkənin müxtəlif bölgələrində sertifikatlaşdırma imtahanlarına cəlb edilib:

“Sevindirici hal ondan ibarətdir ki, imtahana dəvət edilmiş müəllimlərin 97 faizindən çoxu bu imtahanlarda iştirak etdi. İmtahanlarda uğur qazanmış müəllimlər inanıram ki, müsahibə mərhələsində də uğur qazanaraq sentyabr ayından başlayaraq öz əmək haqlarında cənab Prezidentin müvafiq Fərmanına uyğun olaraq əlavələri almağa başlayacaqlar. Bu əlavələr müsahibə mərhələsini qazandıqdan sonra növbəti 5 il ərzində hər ay nəticələrdən asılı olaraq 10 və 35 faiz təşkil edəcək.

İnanıram ki, bu differensiallaşmış yanaşma da Azərbaycan təhsili üçün müsbət addımdır. Sertifikatlaşdırmanın imtahan mərhələsində uğur qazanmayan müəllimlərimizə də səbirli olmağı arzu edirəm. Belə ki, növbəti 1 il ərzində hələ də vaxt var və bu müddət ərzində inanıram ki, çalışıb növbəti tədris ilinin sonunda təşkil olunacaq imtahanlarda uğur qazanmaq olar. Biz Elm və Təhsil Nazirliyi olaraq hər hansısa bir müəllimin hər hansısa bal toplamasından asılı olmayaraq hər birinizin yanındayıq. İnanırıq ki, birlikdə Azərbaycan təhsilini daha yaxşı, daha keyfiyyətli edə bilərik. Hələ sertifikatlaşdırma prosesinin ilkin mərhələsindəyik. Gələcəkdə də bu proses davam edəcək və növbəti 5 ildə Azərbaycanın digər bölgələrində digər fənn müəllimlərini də əhatə edəcək. Nəticə etibarilə Azərbaycan təhsilində irəliyə doğru əsaslı addım atılacağına inanırıq. Bir daha hər birinizi təbrik edirəm. Bu imtahanların təşkilində əməyi keçmiş könüllülər, texniki heyət, tibb heyəti və polislərə dərin təşəkkürümü bildiriəm. Eyni zamanda sualların hazırlanmasında, imtahana nəzarətdə iştirak edən hər kəsə dərin minnətdarlığımı ifadə edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR