Gələn il fevralın 15-dən "COVID" pasportlarının müddəti 6 ay olacaq

Gələn il fevralın 15-dən "COVID" pasportlarının müddəti 6 ay olacaq
# 28 dekabr 2021 17:25 (UTC +04:00)

“Digər ölkələrdə tətbiq edilən məhdudiyyətlərin Azərbaycanda tətbiq edilməsi ilə bağlı qərar yoxdur”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycanda vaksinasiya uğurla aparılır: “Son aylarda yoluxma sayları da aşağı doğru gedir. Amma digər ölkələrdə olan problemlərin Azərbaycanda da meydana gəlməsi mümkündür. Vəziyyəti nəzarətdə saxlamağın yeganə yolu vaksinasiyadır. Vaksinasiya 2 dozadan sonra kifayət qədər güclü qoruyucu qüvvəyə malikdir. Ancaq həmin tədqiqatlara görə vaksinin 2-ci dozasından 4 ay sonra immunitet zəifləyir və buster dozanın vurulması ciddi tövsiyə edilir. Bu proses Azərbaycanda da gedir. Bu prosesdə daha çox qoruyucu və ehtiyatlı yanaşmanı tətbiq etmək məqsədilə, ikinci dozadan sonra qoruyucu immunitetin azalmasını nəzərə alaraq hazırda istifadə olunan “COVID” pasportlarının - yəni vaksinasiya və immunitet sertİfikatının vaxtına məhdudiyyət qoyulur. Gələn il fevral ayının 15-dən sonra “COVID” pasportlarının müddəti 6 ay müəyyən edilir. İkinci dozadan 6 ay sonra “COVID” pasportu öz qüvvəsini itirmiş olacaq. Vaxtı keçmiş “COVID” pasportu ilə bəzi məkanlara daxil olmaq mümkün olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR