“Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinin finalı keçirilir - FOTO

“Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinin finalı keçirilir - FOTO
# 25 iyun 2022 14:07 (UTC +04:00)

İyunun 25-də Qəbələ şəhərində “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinin final mərhələsinə start verilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin və Qəbələ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyublar.

Sonra yarış iştirakçıları Qəbələ şəhərində yerləşən Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın məzarlarını ziyarət ediblər. Daha sonra Qəbələ şəhərində FHN-in Mülki Müdafiə Qoşunlarının alayında “Gənc xilasedici və yanğınsöndürən” IX Ümumrespublika Birinciliyinin açılış mərasimi keçirilib.

Mərasimdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini general-mayor Raul Zeynalov və ictimaiyyətlə əlaqə idarəsinin rəis müavini, polkovnik Məhbubə Mustafayevə, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Allahverdiyev yarışların əhəmiyyətindən danışıb, belə müsabiqələrin keçirilməsinin yeniyetmə və gənclərin fövqəladə hallarla mübarizə sahəsində yeni təcrübələrin əldə etməsində mühüm rol oynadığını vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıblar.

Sonra yarışlara start verilib.

Qeyd edək ki, “Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika Birinciliyi artıq 9-cu dəfədir ki, təşkil olunur və bu yarışların keçirilməsində məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunur. Zona yarışlarında qalib gəlmiş komandalar ümumrespublika final yarışlarında iştirak edirlər. Builki ümumrespublika birinciliyinin final mərhələsində 15 rayon və şəhərin komandaları birincilik uğrunda mübarizə aparırlar. Həmçinin, şimal-qərb bölgəsindən 60 nəfər şəhid övladı builki yarışa dəvət olunub. Onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün əlavə proqramların keçirilməsi nəzərdə tutulur.

Yarışlar iyunun 30-a kimi davam edəcək. İlk üç yeri tutan komandalara kubok və qiymətli hədiyyələr təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR