İşsizlikdən sığortanın əhatə dairəsi genişləndiriləcək

İşsizlikdən sığortanın əhatə dairəsi genişləndiriləcək
# 28 yanvar 2022 12:17 (UTC +04:00)

“Mövcud qanunvericiliyə görə vətəndaşlar iş yeri ixtisar edildikdə, işəgötürən ləğv olunduqda və əmək müqaviləsinin müddəti bitdikdə işsizlikdən sığorta hüquqlarından istifadə edilə bilər”.

APA xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə heyəti sədrinin müavini Cəmaləddin Quliyev “Sosial saat”da deyib.

O bildirib ki, əvvəllər işsizlikdən sığorta ödənişi almaq üçün işsizliyin başlaması və işsiz kimi qeydiyyata alınma anlayışı var idi. Bu zaman işsiz kimi qeydiyyata alınma işsizliyin başlaması sayılırdısa, indi işçinin işinə xitam verildiyi tarixi əsas götürülür ki, heç bir halda gecikmə olmasın: “Qanunvericiliyə dəyişikliyə əsasən, müddətli əmək müqaviləsinin sığorta müddəti isə 35 aydan 30 aya endirildi. Başqa sözlə, sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Bununla yanaşı vətəndaşların 3 ay gözləmə müddəti var idi, bu da ləğv olundu. Artıq işsiz kimi qeydiyyata alınan vətəndaşa işsizlikdən sığorta haqqının ödənilməsinə dərhal başlanılacaq. İşsizlikdən sığorta alan vətəndaşların əhatə dairəsinin genişləndirilməsi üçün işlər aparılır. Digər tərəfdən, “İşsizlikdən sığorta haqqında" qanuna dəyişikliklər ediləcək, hazırda layihə üzərində iş gedir. Növbəti dövrlərdə işsizlərin sığorta prinsipinin daha da genişləndirilməsi, vətəndaşa yönəlik olması üçün təkliflər hazırlanır. Təkliflər hökumətə təqdim olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR