IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib - YENİLƏNİB

IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib - YENİLƏNİB
# 16 aprel 2022 16:20 (UTC +04:00)

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib.

DİM-dən APA-ya verilən xəbərə görə, bu gün, həmçinin tədrisi gürcü dilində olan məktəblərin şagirdləri də imtahan veriblər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 100 imtahan binası, 1750 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 100 ümumi imtahan rəhbəri, 282 imtahan rəhbəri, 2166 nəzarətçi-müəllim, 206 buraxılışı rejimi əməkdaşı (mühafizə) və 100 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 23107 şagirdin iştirakı gözlənilirdi. İmtahanda fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagirdlər də iştirak ediblər. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

İlkin məlumatlara əsasən, 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.

Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahan nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün 3 həftə ərzində elan olunması nəzərdə tutulur.

***

07:00

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda, Ağdam, Balakən, Biləsuvar, İmişli, İsmayıllı, Qax, Qusar, Tərtər rayonlarında, Sumqayıt (I hissə), Lənkəran, Gəncə (Kəpəz) şəhərlərində Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

DİM-dən APA-ya verilən xəbərə görə, imtahanda 23107 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 11:00-da başlanacaq və 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

Xatırladaq ki, 16-17 aprel tarixlərində ümumilikdə 192 imtahan binası, 3400 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 192 ümumi imtahan rəhbəri, 550 imtahan rəhbəri, 4219 nəzarətçi-müəllim, 400 buraxılışı rejimi əməkdaşı (mühafizə), 192 bina nümayəndəsi ayrılıb. Həmçinin buraxılış imtahanlarında 8 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binalarda ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Bundan əlavə eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədin üz tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını aşağı salaraq üzünü göstərməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR