Koordinasiya Mərkəzi: Ölən şəxs orqanlarını bağışlamaq üçün müraciət edənlər siyahısındadırsa, ailəsindən icazə almağa ehtiyac yoxdur

Koordinasiya Mərkəzi: Ölən şəxs orqanlarını bağışlamaq üçün müraciət edənlər siyahısındadırsa, ailəsindən icazə almağa ehtiyac yoxdur
# 28 mart 2023 14:50 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə orqanlarını bağışlamaq istəyi ilə müraciət edənlər var.

Bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib.

“Hələ ki, az olsa da, müraciət edənlərin olması bizi sevindirir. Çalışırıq ki, bununla bağlı insanları daha çox maarifləndirək, informasiya verək” – o deyib.

Yeganə Abbasova qeyd edib ki, ümumiyyətlə, sağlığında donor olmaq istəyənlər üçün dünya üzrə üç qayda var:

“Birincisi, rutin, ikincisi, razılıq, üçüncüsü isə, etiraz prezumpsiyasıdır. Rutin qaydasına görə, xəstə reanimasiya şöbəsində vəfat edibsə və süni tənəffüs aparatındadırsa, həmin xəstə potensial donordur və onların orqanlarının götürülməsi üçün heç kəsdən icazə alınmasına ehtiyac yoxdur. Sovet dövründə bu, belə idi. Hazırda İranda, İspaniyada bu qayda tətbiq olunur. Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda isə etiraz prezumpsiyasıdır. Bu qaydaya görə isə əgər bir şəxs sağlığında donor olmaq üçün müraciət edibsə və siyahıda varsa, reanimasiya şəraitində öləcəyi təqdirdə, orqanları qohumlarından icazə alınmadan götürülür.

Əgər siyahıda yoxdursa, o zaman qohumlarından soruşulmalıdır. Kimsə sağlığında öləndən sonra orqanlarının götürülməsinə etiraz edənlər siyahısına yazılıbsa, o zaman həmin şəxsin qohumlarından da soruşulmur. Razılıq prezumpsiyasına görə isə kimsə orqanlarının öləndən sonra götürülməsinə aid icazə verənlər siyahısında varsa, qohumlarından icazə alınmadan orqanları götürülür, siyahıda yoxdursa, bu da razılıq kimi qəbul edilir”.

Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri bildirib ki, müraciət edilsə belə, orqanlarını bağışlamaq hər kəsə qismət olmayacaq:

“Son nəfəs və ya ruhun bədəndən çıxması anlayışları var. İnsanın son nəfəsi çıxdıqdan, yəni ruh bədəndən ayrıldıqdan sonra o, süni tənəffüs aparatı ilə nəfəs alır. Bu, cəsəddəki qanın aparatla oksigenləşdirilməsidir. Ürəyin beyindən asılı olmayan öz avtomatizmi var. Beyin ölübsə, yardım göstərildiyi təqdirdə ürək öz avtomatizmi ilə iki sutkaya qədər çalışa bilər. Kimsə reanimasiyada beyin ölümündən vəfat edirsə, onun orqanları yararlıdır. Bu zaman qanunvericiliyə görə yararlı orqanları götürülə bilər. Beyin ölümü çox vaxt avtoqəzalarda, beyin şişlərində, beyinə qan sızma hallarında olur. Yəni hamımız reanimasiyada ölməyəcəyik ki! Bəzilərimiz elə evlərimizdə ölürük, orqanlarımız yararlı olmur.

Beyin ölümü məsələn, anoksik beyin zədələnmələri, yəni əməliyyat zamanı müəyyən bir müddətlik beyinə oksigenin çatmaması nəticəsində beyin hüceyrələrinin ölməsi nəticəsində beyin ölmünün gerçəkləşməsidir. Bu, geridönməz prosesdir. Bu zaman həmin adam reanimasiyada vəfat edibsə, onun orqanları yararlı ola bilər. Bu zaman da müayinələr aparılır, həmin adamın laborator müayinələri komissiyalara göndərilir və orqanların transplanatsiya üçün yararlı olub-olmadığı müəyyənləşdirilir.

Reanimasiyada beyin ölmündən vəfat edən adamın yaxınları onun orqanlarının götürülməsinə etiraz edərlərsə, meyit ailəyə təhvil verilir. Dəfn olunduqdan sonra torpağa qarışmış orqanlar nəyə lazımdır?! Amma heç kəs bilmədən, tam məxfi şəkildə orqanların bağışlanması, bir insanın həyatını qurtarmaq böyük savabdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR