Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkına nəcib marallar buraxılıb - FOTO - VİDEO

Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkına nəcib marallar buraxılıb - FOTO  - VİDEO
# 11 noyabr 2022 13:46 (UTC +04:00)

Noyabrın 11-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nəcib maralların reintroduksiyası layihəsi çərçivəsində ilk maralların buraxılması mərasimi keçirilib.
Bu barədə APA-ya IDEA İctimai Birliyindən məlumat verilib.

Qeyd olunub ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən reintroduksiya layihəsi nəcib maralların ilkin olaraq Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsini və daha sonra ölkənin müxtəlif bölgələrində maralın tarixən məskunlaşdığı yerlərdə təbiətə buraxılmasını nəzərdə tutur.

Buraxılan ilk marallar Bakı Zooloji Parkı tərəfindən Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması üzrə IDEA İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində təqdim edilib.

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilmiş maral keçmiş dövrlərdə Böyük və Kiçik Qafqazın, həmçinin Talış dağlarının meşələrində, Kür və Araz çaylarının tuqay meşələrində yaşayıb. Talış meşələrində sonuncu maral 100 il əvvəl, 1922-ci ildə vurulub. Hazırda nəcib maralların yaşama qabiliyyətli populyasiyalarına yalnız Böyük Qafqazda rast gəlinir. Bu dəyərli növün meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, onun populyasiyasının bərpa edilməsi təbiətimiz üçün olduqca mühüm əhəmiyyətə malikdir.

Son vaxtlar nəsli kəsilməkdə olan fauna növlərinin populyasiyasının tarixi areallarında təbii bərpasının təmin edilməsi məqsədilə ölkəmizin müxtəlif yerlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərində reintroduksiya layihələri həyata keçirilir. Belə ki, 2022-2023-cü illər ərzində nadir fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, eləcə də, balıq və yırtıcı quş növlərinin öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

Ümumiyyətlə, dövlət səviyyəsində Azərbaycanda reintroduksiya layihələrinə geniş diqqət ayrılır. Bu xüsusda, cari ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Cəbrayıl rayonu ərazisinə ceyranların buraxılması mərasimini qeyd etmək olar.

Həmçinin qeyd edilməlidir ki, 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan Nümayəndəliyi tərəfindən həyata keçirilən “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində Azərbaycana Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır. Noyabrın 23-də daha 9 baş zubrun Azərbaycana gətirilməsi planlaşdırılır.

Nəcib marallar və digər qiymətli növlərin Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsində rolunu nəzərə alaraq, layihənin təşkilatçıları ölkə ictimaiyyətini maralların sayının bərpa edilməsi, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR