Məleykə Abbaszadə: 20 yaşında olan gənc həyatı boyu ən azı beş dəfə ixtisasını dəyişməli olacaq

Məleykə Abbaszadə: 20 yaşında olan gənc həyatı boyu ən azı beş dəfə ixtisasını dəyişməli olacaq
# 06 mart 2023 14:48 (UTC +04:00)

“Hamı universitetə öz biliyi ilə daxil olur və öz yerini tutur. Hazırda dünyada əlində diplom olsa belə, öz yerini tutmaya bilərsən, çünki müasir dünyada müəyyən tələblər var”.

Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, təhsilli və savadlı təkcə o insan deyil ki, oxumağı, yazmağı bacarır:

“Artıq tamamilə ayrı kompetensiyalar lazımdır. O hədəflər bütün dünyada var və əmək bazarında da diplomdan əvvəl onun nəyi bacarıb-bacarmadığını yoxlayırlar. Ali məktəblərdə insanlara müəyyən tip məsələlərin həlli öyrədilir ki, gələcəkdə yeni məsələləri necə həll etməli olduğunu bacarsın. Məsələn, Sovet dövründə kimsə ali məktəbi bitirəndən sonra ömür boyu topladığı həmin bilik əsasında özünə iş tapırdı, işləyirdi. Ola bilsin ki, nə vaxtsa öz üzərində işləmək üçün hansısa kurslara da gedirdi. O da 5-10 ildə bir dəfə olurdu. Amma indi vəziyyət tamamilə dəyişib”.

DİM sədri qeyd edib ki, hər bir istiqamətdə yeniliklər daha sürətlə tətbiq olunur:

“Daha sürətlə tətbiq olunanda da müəyyən ixtisaslar ixtisara salınır. Həmin ixtisasların əvəzinə xüsusi proqramlar yaranır. Müəssisə rəhbəri də o proqramı alıb, iki adamı işə götürmək əvəzinə, bir adamı götürür. Bir proqramı alıb, bir əmək haqqı verməklə həmin nəticəni əldə edə bilər. Bundan başqa, texnologiyalar elə dəyişir ki, indidən məlumdur ki, hazırda 20 yaşında olan gənc həyatı boyu təqaüdə gedənə qədər ən azı beş dəfə ixtisasını dəyişməli olacaq. Demək, insan ali məktəbdə öyrənməyi öyrənməlidir ki, özü necə müstəqil oxuya bilsin, dəyişə bilsin. Buna görə də təkcə orta məktəbdə olan yeni kurikulum yox, ali məktəbdə də tədrisin məzmunu, tələblər, tədrislə əmək bazarı arasında olan əlaqələr, müasir dünyada gedən trendləri müəyyənləşdirmək, ona əsasən tədris prosesini təzədən qurmağı bacarmaq çox önəmlidir”.

Məleykə Abbaszadə deyib ki, ali məktəbi bitirən biri kompüter öyrənmək üçün kursa gedirsə, bu, absurd bir vəziyyətdir, belə olmamalıdır:

“Bu kompetensiyaları insan məktəbdə əldə etməlidir, bunlar dünyəvi tələblərdir. Artıq informasiya texnologiyalarını mənimsəməyən insan savadsız hesab olunur. Adam dünyada hər bir mərhələdə, hətta hava limanına daxil olanda da insanla yox, hansısa qurğularla işləməyi bacarmalıdır ki, qeydiyyatdan keçə bilsin. Bunun üçün hansısa biliklər olmalıdır, insan başa düşməlidir ki, hansı alqoritmlərlə işləməlidir, necə olmalıdır. Ali təhsil diploma görə yox, bilik və bacarığa görə olmalıdır. Hansısa bir ixtisası, peşəni mənimsəyib əmək bazarına daxil olmaq və ona hazır olmaq lazımdır. Ona görə də gənclərin daha çox hissəsi ali məktəbə qəbul olsa, əhalinin savadlı və bilikli hissəsinin sayı çoxalacaq. Bu bizim üçün çox vacibdir. Ölkənin qüdrəti onun hər bir vətəndaşının biliyindən, bacarığından daha çox asılıdır, nəinki təbii sərvətlərindən. Təbii sərvətləri olan ölkənin əhalisi savadlı deyilsə, insan kapitalının inkişafı əmsalı çox aşağıdırsa, həmin təbii sərvətlərin bəhrəsini ayrı ölkələr görəcək. İnsanların bilikli olması üçün təhsil sisteminin çox böyük rolu var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR