Məleykə Abbaszadə: İnformatikaya ikinci dərəcəli fənn kimi baxılır, tədrisinə diqqətlə yanaşılmır

Məleykə Abbaszadə: İnformatikaya ikinci dərəcəli fənn kimi baxılır, tədrisinə diqqətlə yanaşılmır
# 06 mart 2023 14:15 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə III və I qrup üzrə altqrup imtahanlarının keçirilməsinə münasibət bildirib.

Məleykə Abbaszadə APA-ya müsahibəsində deyib ki, belə modelə keçməyi ictimaiyyət də tələb edirdi:

“Amma açığını deyim ki, biz tərəddüd edirdik. Orta məktəbdə riyaziyyat fənninin tədrisi prosesində olan problemləri, eyni zamanda buraxılış imtahanındakı nəticələri bilirdik. Hesab edirdik ki, riyaziyyat üzrə nəticələri müəyyən səviyyəyə qaldırandan sonra informatika fənni üzrə imtahanları keçirə bilərik. Amma çox gərgin müzakirələr oldu, həm ictimaiyyətlə, həm Elm və Təhsil Nazirliyinin rəhbər işçiləri, ekspertləri ilə. Müzakirələr nəticəsində qərara gəldik ki, bu imtahanı keçirək, çünki imtahan olmasa, informatikaya ikinci dərəcəli fənn kimi baxılır və tədrisinə çox da diqqətlə yanaşılmır. Burada bizim də problemlərimiz var. Məsələn, imtahan zamanı proqramda olan Pyhton-dan proqram yazmaqla bağlı müəyyən suallar verəcəyik, bu sualları yoxlamaq üçün müəllimlər də lazımdır. Çox az orta məktəb müəllimi var ki, bu sualları yoxlaya biləcək səviyyədədir. Mən açıq sualları nəzərdə tuturam.

Biz məcbur olduq ki, informatika müəllimləri üçün xüsusi kurslar açaq, onları bir marker kimi hazırlayaq. Çünki imtahanda belə suallar çox olacaq, onları yoxlamaq lazımdır. Bu yenə də onu göstərir ki, informatikanın tədrisi bütün məktəblərdə eyni səviyyədə deyil. Lap yüksək səviyyədə tədris olunan məktəblər də var, orada kompüterlər, internetə qoşulma imkanı var. Eyni zamanda informatikanı yalnız nəzəri şəkildə tədris edən məktəblər də var. Təbii ki, I qrupa gedən abituriyenti heç kim məcbur etmir ki, mütləq informatikadan imtahan versin. Həmin şəxs ənənəvi olaraq kimyadan da imtahan verib müsabiqəyə qoşula bilər. Amma kim öz ixtisasını kompüter elmləri istiqamətində seçibsə, gərək bu imtahana yaxşı hazırlaşsın. Bu il bu imtahan ilk dəfə keçiriləcək, bəzi problemlərlə rastlaşacağımızı gözləyirdik. Amma sınaq imtahanlarının nəticəsi göstərdi ki, ortastatistik abituriyentin informatikadan sualları düzgün cavablandırma göstəricisi 50 faizdən bir qədər yuxarıdır. Bu, riyaziyyat, fizika və kimya üzrə müvafiq göstəricilərdən xeyli yüksəkdir və bizi sevindirir.

III qrupda coğrafiya fənninin olmasına gəldikdə isə bu, ənənəvi fəndir və heç bir problem yoxdur. Onu da qeyd edim ki, 10-15 il bundan əvvəl müəyyən araşdırmalar aparanda gördük ki, Azərbaycan şagirdlərinin ən sevimli fənlərindən biri coğrafiyadır. Həmişə abituriyentlərə sərbəst hazırlaşmaq üçün müəyyən metodik vəsaitlər, test topluları hazırlayırıq. Hesab edirəm ki, doğrudan da oxumaq istəyən uşaq üçün internetdə kifayət qədər faydalı resurs və məlumatlar var. Hər bir şagird öz gücünü də sınaya bilər. Təşkil etdiyimiz elektron imtahanlarda da iştirak edə bilərlər. Şagird özü üçün daxili qiymətləndirmə aparıb görə bilər ki, bilik səviyyəsi necədir. Hansısa nüfuzlu ixtisasa imtahan verməyə gücü çatar, ya yox? Burada bir problem də şagirdin seçimi məsələsidir, çünki bəzi valideynlər buna lazımınca imkan yaratmırlar, çalışırlar ki, övladları onların istəyi əsasında ixtisas seçsinlər.

Bu il birinci ildir ki, bu imtahanı keçirəcəyik. Görək abituriyentlər nəzəri bilikləri necə mənimsəyiblər, proqram yazmağı da müəyyən səviyyədə yoxlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR