Parlamentin komitə sədri: “Qazilər qazi adını yüksək tutmalı, dövlətin qayğısını düzgün qiymətləndirməlidir”

Musa Quliyev

© APA | Musa Quliyev

# 02 iyun 2022 19:14 (UTC +04:00)

“Azərbaycanda şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Musa Quliyev deyib ki, şəhid ailələri və qazilər üçün 20-yə yaxın güzəşt və imtiyaz müəyyən olunub: “Dövlət şəhid ailələri və qaziləri hər cür şəraiti olan mənzillərlə təmin edir. Tibbi göstəriş və ehtiyacı olanlar minik avtomobilləri də təmin olunur. Onlara güzəştli şərtlərlə torpaq, kreditlər verilir, işə qəbulda kvotalar ayrılıb. Övladlarının təhsilinin də hamısı dövlət hesabınadır. Pensiya və müavinətləri respublika üzrə orta pensiya və müavinətdən yüksək müəyyənləşdirilib. Bundan əlavə, onlar üçün Prezident təqaüdü müəyyən olunub. Belə güzəştlər və imtiyazlar dünyanın çox dövlətində yoxdur. Bu, Azərbaycanda istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə və qazilərə dövlətin xüsusi diqqətinin nəticəsidir. Cəmiyyətdə də o insanlara həmişə böyük ehtiram və diqqət göstərilir”.

Parlamentin komitə sədri hesab edir ki, qazilər də davranışlarında qazi adını yüksək tutmalı, dövlətin diqqət və qayğısını düzgün qiymətləndirməlidir: “Azərbaycan hüquqi, demokratik dövlətdir. Bütün münasibətlər, anlaşılmazlıqlar qanun çərçivəsində, qanuni yolla həll olunmalıdır. Heç kəsin nə zorakılıq etməyə, nə özü üçün xüsusi imtiyazlar tələb etməyə haqqı, ixtiyarı yoxdur. Təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə, saytlarda Azərbaycanda sosial gərginliyi artırmaq istiqamətində süni ajiotaj yaradılır, lazım olmayan məsələlər gündəmə çıxarılır, ehtiyacı olmayan hallarda insanların emosiyalarına təsirlər olur. Əlbəttə, bunlar Azərbaycanın iqtisadi və sosial uğurlarını qəbul etməyən qüvvələrin açıq və gizli təhriki ilə baş verir. Biz bunlarla bağlı ayıq olmalıyıq. Hələ 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində təəssüflər olsun ki, bəzi radikal müxalif qruplar Birinci Qarabağ müharibəsi qazilərini öz ambisiyalarının qurbanına çevirərək onlardan istifadə etməyə cəhd göstərmişdilər. Bunlar da yadımızdadır. Onları aclıq aksiyalarına, nümayişlərə cəlb etdilər. Son nəticədə də qazilər hiss etdilər ki, həqiqətən onların arxasında dayanan, qayğılarını çəkən məhz Azərbaycan dövlətidir”.

Musa Quliyev qeyd edib ki, hansısa narazılıqlar varsa, həmin narazılıqları müzakirə və həll etmək olar: “Milli Məclis və deputatlar olaraq biz həmişə belə müzakirələrə açığ0ıq. Eyni zamanda dövlət qurumları da buna hazırdır. Kimlərinsə zorakılıq cəhdi göstərərək qanundan kənar iddialar irəli sürməsi yaxşı hal deyil. Qazi, şəhid adı şərəfli addır, o adın şərəfini, böyüklüyünü qorumaq lazımdır. Biz mətbuatda oxuyuruq, görürük ki, bəzi dırnaqarası iş adamları qazilərdən öz mənafeləri üçün istifadə etmək istəyirlər. Məsələn, qanunsuz zəbt etdikləri torpaqları qazilərin vasitəsi ilə qanuniləşdirməyə, guya qazilərin adı ilə evlər tikmək istəyirlər. Araşdıranda da görürsən ki, bu, hansısa işbazların maraqlarına xidmət edən aksiyalardır və qazilərin, əslində, burada heç bir maddi və mənəvi xeyri yoxdur”.

Parlamentin komitə sədri bütün vətəndaşları ayıq-sayıq olmağa, Ali Baş Komandanın, dövlətin ətrafında birləşməyə çağırıb: “Biz inşallah, Qarabağ Zəfərini davam etdirəcək, işğaldan azad edilmiş torpaqlarımızda cənnət yaradacaq. Azərbaycanın sosial müdafiə imkanları da genişlənəcək, vətəndaşlarımızın sosial şəraiti daha da yaxşılaşacaq”.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin qəbul şöbəsində insident yaşanıb. Müharibə iştirakçılarından bəziləri nazirliyin qəbul şöbəsinin giriş qapısını, oradakı kompüter avadanlıqlarını, turniketi sındırıb, dövlət əmlakına ziyan vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR