Polşa-Azərbaycan yardım layihəsi çərçivəsində qazilər üçün təlim keçirilib

Polşa-Azərbaycan yardım layihəsi çərçivəsində qazilər üçün təlim keçirilib
# 09 sentyabr 2022 15:12 (UTC +04:00)

ADRA Polşa Fondu tərəfdaşı ADRA Azərbaycan ilə birlikdə Azərbaycanda hərbi əməliyyatların nəticələrindən zərər çəkmiş mülki əhaliyə və şəxslərə dəstək olmaq məqsədi ilə “Biz kömək etmək üçün buradayıq” layihəsinə başlayıb.

APA Polşanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, layihəyə reabilitasiya, psixoterapiya, işçi heyəti üçün təlimlər daxildir.

Polşa Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi ilə Polşanın "Polşa Yardımı" inkişaf üzrə əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən layihənin ikinci hissəsi hələ də davam edir.

"Müharibə bəşər cəmiyyətinin başına gələ biləcək ən böyük faciələrdən biridir. Müharibə travması və dramatik hadisələr uzun müddət müharibə travmasından əziyyət çəkən insanların, mülki şəxslərin və qurbanlara yardım edən insanların yaddaşında qalır. Bu səbəbdən onlar "Biz kömək etmək üçün buradayıq" proqramının hədəf qrupudur", ADRA Polşa Fondunun sədri Piotr Novacki bildirib.

Layihənin ilk mərhələsi 2021-ci ildə həyata keçirilib. İndiyədək layihə iştirakçıları - 250 nəfər fizioterapiya, əmək terapiyası, nitq və nitq patologiyası, davranış terapiyası və koqnitiv terapiya kimi fəaliyyətləri əhatə edən reabilitasiya xidmətləri alıb.

Yardım çərçivəsində müharibədə qohumlarını (arvad, uşaq, ana və ya ata, qardaş, bacısını) itirmiş, üzvləri itki ilə barışmaqda, yas saxlamaqda və normal həyata qayıtmaqda çətinlik çəkən 50 ailəyə müalicəvi yardım göstərilib.

Səfirlik bildirib ki, iyun ayından bəri mütəxəssislər müharibədən zərər çəkmiş rayonlara səfər edərək yaxınlarını itirmiş insanlara dəstək verir. Bu məqsədlə Ağdam, Füzuli, Yevlax, Ağcabədi və Gəncə şəhərinə səfərlər edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR