Şirvan şəhərinin kanalizasiya sistemi yenidən qurulur - VİDEO

Şirvan şəhərinin kanalizasiya sistemi yenidən qurulur - VİDEO
  • Clock-gray 17:13
  • calendar-gray 17 İyul 2019

Şirvan şəhərinin 230 kilometrlik kanalizasiya şəbəkəsi 2035-ci ilədək mərhələli şəkildə yenidən qurulacaq.

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, şəhərin ilk kanalizasiya şəbəkəsi 1953-1955-ci illərdə inşa edilib. 

Şirvanın kanalizasiya şəbəkəsindən əhalinin 58 faizi mərkəzləşmiş kanalizasiya xidmətləri ilə təmin olunub. İstismar müddətini başa vurmuş mövcud kanalizasiya sistemi şəhəri tam əhatə etmir və hazırda yararsız vəziyyətə düşüb.

Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişafı və əhalinin artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Hazırda şəhərin kanalizasiya şəbəkəsinin yenidən qurulması mərhələli şəkildə davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il aprelin 3-də imzaladığı sərəncama əsasən, Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 2,8 milyon manat, 17 aprel 2019-cu il sərəncamı ilə daha 4,0 milyon manat vəsait ayrılıb. Ayrılan vəsaitlər içməli su təminatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işlərinə yönəldilib. Şirvan-Muğan qrup su kəmərindən yeni birləşmələrin verilməsi və şəhərin bütövlükdə su xətlərinin yenidən qurulması nəticəsində 85 min nəfər əhalisi olan Şirvan şəhərinin 90 faizi 24 saat fasiləsiz su ilə təmin olunub.

Kanalizasiya şəbəkəsində isə ilkin mərhələdə Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 200-1000 mm diametrli borularla 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb. Kollektorların 1,2 km-lik hissəsi inşa edilib və bu istiqamətdə işlər davam etdirilir. Növbəti mərhələdə Şirvan şəhərində yeni  kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. 2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində şəhərdə 20 km kanalizasiya şəbəkəsinin yenidən qurulması nəzərdə tutulub və bu istiqamətdə işlərə başlanılıb.  

“Azərsu”nun regional layihələr üzrə tikinti şöbəsinin mühəndisi Rəhbər Baxşəliyev  bildirib ki, Şirvan şəhərinin kanalizasiya və su sistemi ötən əsrin 50-ci illərində yaradılıb: “66 kilometr uzunluğunda su şəbəkəsi, 22 kilometr uzunluğunda olan kanalizasiya sistemi şəhəri tam əhatə etmir və yararsız vəziyyətə düşüb. Ona görə də şəhərin master planı hazırlanıb. Şirvan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün dövlət investisiyası proqramına əsasən mərhələli işlər aparılır”. 

Mövcud kanalizasiya sistemində tez-tez tutulmaların baş verdiyini və sıradan çıxdığını nəzərə alaraq Şirvan şəhərində yeni kanalizasiya kollektor xəttinin çəkilişi işləri də aparılır. Hündür mərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması və zirzəmilərdə toplanmış tullantı suların ləğv edilməsi üçün lazımi işlər görülür. Keçən il 14 belə binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətti çəkilib. 2019-cu ilin dövlət investisiya planına əsasən, Şirvan şəhərində 9 km-ə yaxın kanalizasiya-kollektor xətləri çəkiləcək. Hazırda bu işlərin 50%-i yerinə yetirilib. Yeni Kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin küçələrində köhnə kanalizasiya sistemi ləğv edilir və yeni kanalizasiya xətlərinə qoşulur. Bütün bu işlərin ilin sonuna kimi yekunlaşması gözlənilir.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date